...

İlham Əliyev "Polis haqqında" qanunda dəyişikliklərin tətbiqi ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 10 Fevral 2014 21:48 (UTC +04:00)
Prezidenti İlham Əliyev “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2013-cü il 27 dekabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
İlham Əliyev "Polis haqqında" qanunda dəyişikliklərin tətbiqi ilə bağlı sərəncam imzalayıb

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Prezidenti İlham Əliyev "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2013-cü il 27 dekabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, qanunun 14-cü maddəsinin 4-cü bəndi aşağıdakı redaksiyada verilir:

"4) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətlərdə tutulmuş və ya həbs edilmiş şəxsi müvəqqəti saxlama yerində saxlamaq;".

23-cü maddənin 5-ci bəndi aşağıdakı redaksiyada verilir:

"5) tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən dərhal sonra ona tutulduğu və ya həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək imkanını yaratmalıdır (tutulmuş və ya həbs edilmiş şəxsin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixi vəziyyəti ilə bağlı hallar istisna olmaqla, belə məlumatları öz təşəbbüsü ilə verməməlidir); əgər tutulmuş və ya həbs edilmiş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat verməli və bu cür məlumatın verildiyini qeydə almalıdır;".

Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Polis haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti