...

Mübariz Əhmədoğlu: Rusiyanın yaxın keçmişdə buraxdığı bəzi səhvlər indi ona hədsiz baha başa gəlir

Siyasət Materials 8 Oktyabr 2014 12:49 (UTC +04:00)
Rusiyanın yaxın keçmişdə buraxdığı bəzi səhvlər indi ona hədsiz baha başa gəlir.
Mübariz Əhmədoğlu: Rusiyanın yaxın keçmişdə buraxdığı bəzi səhvlər indi ona hədsiz baha başa gəlir

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Rusiyanın yaxın keçmişdə buraxdığı bəzi səhvlər indi ona hədsiz baha başa gəlir. Bu səhvlərdən birincisi Suriyaya verdiyi "S-300" Zenit raket komplekslərini geri qaytarmasıdır. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloqun sözlərinə görə, "S-300" ZRK-lardan məhrum olan Suriyanın ABŞ qarşısında müqaviməti yoxdur. ABŞ və onun ərəb dövlətlərindən olan müttəfiqlərinin təyyarələri Suriya ərazilərini çox asanlıqla bombalayırlar: "Hələlik bu bombalama "İslam Dövləti" adlanan terrorçu qruplaşmanın dislokasiya olunduğu ərazilərdir. ABŞ qırıcılarının Suriya ərazisində olarkən prezident Bəşər Əsədi tapıb bombalaması heç bir çətinlik törətmir. Rusiyanın ikinci səhvi Yaxın Şərq siyasətini qura bilməməsidir. Ola bilər ki, vaxt çatdıra bilmədi, amma Rusiyanın bu zamana kimi İranla normal siyasət qura bilməməsi sübut edir ki, Rusiyanın Yaxın Şərq üzrə yeni siyasət qurmaq resursları minimaldadır".

M.Əhmədoğlu vurğulayıb ki, Rusiyada bütün aparıcı şərqşünaslar və bu istiqamətdə qərar qəbul edən şəxslərin, diplomat və mətbuat təmsiçiərinin əsas hissəsi ermənilər və ermənilərə bağlı şəxslərdir: "Rusiyanın İran siyasətinin iflası ermənilərin boynundadır. "QazProm" İrandan qovulanda, Suriyadakı ermənilər Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə görüşdən imtina edəndə Rusiya Yaxın Şərq siyasətinin iflasda olduğunu başa düşməli idi. Yaxın keçmişdə buraxılmış bu səhvlər Rusiyanı asimmetrik addımlara vadar edir. Fars körfəzinə ABŞ və müttəfiqlərinin yeddi hərbi kreyserini Sakit okeanda hərbi dəniz donanmasının hərbi təlimləri ilə neytrallaşdırdı. Alyaska və Kanadaya yaxın ərazilərdə strateji aviasiyanı uçurtması da rol oynadı. Buna baxmayaraq, bu ləngimə müvəqqətidir. Ola bilər, ABŞ Rusiyadan Sakit Okean istiqamətində aktivlik gözləmədiyi üçün indi Rusiyanın həmin regiondakı aktivliyinin nəticələrini təhlil edir. Yaxında ABŞ Suriya istiqamətində aktiv hərəkətə keçə bilər. Rusiyanın Sakit okeanda asimmetrik cavabına reaksiya olaraq ABŞ Türkiyəni Suriya ərazisinə qoşun yeritməyə təhrik edir".

Politoloq qeyd edib ki, Suriyada "S-300" ZRK-larının olması bəlkə də ABŞ-ı 7 hərbi kreyseri Suriya ətrafına göndərməkdən çəkindirərdi.

Onun sözlərinə görə, Rəsmi Dəməşqdən yayılan fikirlərdə Rusiyaya əvvəlki inam hiss olunmur: "Bu, geri qaytarılan "S-300" ZRK-larının effektidir. Yaxın Şərqdə Rusiyanın güclü dayağı olmadığı üçün Misir yenidən Rusiyanı ABŞ-a dəyişdi. Misirin yeni prezidenti general əs-Sisi Mursini devirməsi və antidemokratik addımlarına görə, ABŞ tərəfindən qəbul olunmurdu. əs-Sisi üzünü Rusiyaya tərəf çevirdi. Ərəb dövlətlərindən sonra ilk səfərini Rusiyaya etdi. Misir prezidentinin Rusiyaya yaxınlaşması ABŞ-a əs-Sisiyə qarşı münasibətini dəyişməyə təhrik etdi. BMT BA-nın 69-cu sessiyasında iştirak üçün ABŞ-a gələn əs-Sisi ilə prezident B.Obama görüşdü. Bununla da Misir yenidən ABŞ-ın müttəfiqinə çevrildi. Misir Rusiya ilə birlikdə olsaydı, Səudiyyə Ərəbistanı neftin dempinq siyasətini apara bilməzdi və ya çox çətinliklə apara bilərdi. Rusiya üçün bəlkə də postsovet eranın ən ağır dövrü başlayır. Ukrayna məsələsində Rusiyanın mövqeyinin güclənməsi, Qərbin geri çəkilməsi, Qərbin düşünülmüş siyasəti də ola bilər. Səudiyyə Ərəbistanın neft qiymətinin dempinq siyasəti öz işini gördükdən sonra zəifləmiş Rusiyadan Ukraynanı almaq ABŞ üçün o qədər də çətin olmayacaq. Ekspertlərin necə dəyərləndirməsindən asılı olmayaraq, S.Ərəbistanı neftin dempinq siyasətinə başlayıb və o, bu prosesi ABŞ-ın xahişi ilə edir. ABŞ avans olaraq, Səudiyyə Ərəbistanına 1,75 milyard dollarlıq silah verdi. Səudiyyə Ərəbistanı neft qiymətinin dempinqi siyasətini entuziazmla aparacaq. Çünki onun oxşar fəaliyyəti SSRİ-nin dağılmasında ən aparıcı parametr olmuşdu. Dünya bazarında neftin qiymətinin 80 dollardan aşağı düşməsi Səudiyyə Ərəbistanı və ABŞ-ın özü üçün də zərərlidir. 1,75 milyard dollarlıq silahı hədiyyə almaqla da Səudiyyə Ərəbistanı özünü müəyyən qədər sığortaladı. ABŞ isə Rusiyanın zəifləməsindən daha çox maliyyə gəliri əldə etməyi düşünür. Bunun müxtəlif sxemləri ola bilər".

M.Əhmədoğlu vurğulayıb ki, gedən proseslərdə ən çox uduzan tərəf Ukraynadır.

Onun sözlərinə görə, Minskdə aparılan danışıqlar Ukraynanın Donbas və Luqansk vilayətlərin müstəqil olmasına aparan yolun başlanğıcını qoydu: "Ukrayna Prezidenti Pyotr Poroşenkonu ABŞ konqresində gürultulu alqışlarla qarşılasalar da, ABŞ Prezidenti B.Obama Ukraynaya lazım olan heç bir şeyi vermədi. ABŞ Ukraynadan ötəri Rusiya ilə vuruşmaq niyyətində deyil; ABŞ NATO-nun da vuruşmayacağını bildirdi; ABŞ Ukraynaya da NATO-dan kənar xüsusi müttəfiq statusunu vermədi; ABŞ Ukraynaya silah-sursat satmaqdan imtina etdi. ABŞ-ın Ukraynanın müdafiəsinə ayırdığı vəsait çox cüzi olmaqla yanaşı, yalnız hərbçilərin ərzağına, geyim və yanacaq kimi təminat məhsullarını əhatə edir. Buna baxmayaraq, Ukrayna rəsmiləri ABŞ-ın təbliğat girovluğundan çıxa bilmirlər. Verilən bütün bəyanatlar ABŞ-la münasibətlərin leyhinə, Rusiya ilə münasibətlərin əleyhinədir. Ukraynanın indiki rəhbərliyi üçün ən böyük təhlükə Qərbin onlardan üz çevirməsidir. Qərbin Ukraynaya gətirdiyi siyasətin bu ölkəni parçaladığı, iqtisadi faciəyə səbəb olduğu göz qabağındadır. Ukrayna prezidenti Aİ ilə imzalanmış assosiativ müqavilənin ratifiasiyasını təsdiq etdiyi halda, Aİ bunu 2016-ci ilin 1 yanvarına kimi təxirə salır. Əslində, Ukrayna proseslər başlamazdan əvvəlki dövrə qayıtdı. Ancaq o zamankı Ukrayna tərkibində Krım, Donbas və Luqansk vilayətləri olan unitar bir dövlət idi. İndiki Ukrayna Krımı itirib, Donbas və Luqanskı itirməsi isə zaman məsələsidir".

M.Əhmədoğlu əlavə edib ki, Rusiyanın digər iki istiqamətdə də ciddi uğuru olmayıb: "ŞƏT sammiti çərçivəsində Ukrayna ilə bağlı ayrıca sənəd qəbul edilmədi. Rusiya belə sənədin qəbul edilməsinə cəhd etdi, amma Çin imkan vermədi. Gömrük İttifaqında da Rusiyanın mövqeyi güclənmir. Əsas səbəb Ukrayna hadisələrinə Qazaxıstan və Belorusiyanın yanaşması ilə Rusiyanın yanaşmasının fərqli olmasıdır. Hətta Belorus prezidenti Aleksandr Lukaşenko Krımı Ukraynanın tərkib hissəsi sayır. Qərbin Rusiyaya qarşı sanksiyaları səngimir və Rusiyaya problem yarada bilib: Rus rublu dollara nisbətdə məzənnəsini xeyli itirib, gündəlik tələbat mallarının qiyməti bahalaşıb, iri birgə layihələrin reallaşdırılması müşkülə çevrilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti