...

Niderlandın diaspor təşkilatları erməni təxribatı ilə bağlı beynəlxalq qurumlara müraciət edib

Siyasət Materials 7 İyul 2017 18:55 (UTC +04:00)
Niderlandda fəaliyyət göstərən diaspor təşkilatları erməni təxribatı ilə bağlı beynəlxalq qurumlara müraciət edib.
Niderlandın diaspor təşkilatları erməni təxribatı ilə bağlı beynəlxalq qurumlara müraciət edib

Bakı. Trend:

Niderland Krallığında fəaliyyət göstərən “Ana Vətən” Avropa Azəbaycanlı Qadınlar Birliyi və “Odlar yurdu” Cəmiyyəti Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində törətdikləri növbəti təxribatı pisləyən bəyanat yayıblar.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən 82 və 120 millimetrlik minaatanlardan və qumbaraatanlardan atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsini pisləyən etiraz bəyanatları insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara ünvanlanıb.

Bəyanatda Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi təhlükə olması, eyni zamanda Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha açması vurğulanır. Bəyanat müəllifləri dünya ictimaiyyətini atəşkəs dövründə baş verən təxribatlara, hücumlara və dinc əhalinin qətlə yetirilməsinə lazımi reaksiya verməyə, bütün bu ədalətsizliklərə biganə qalmamağa çağırıb.

Bəyanatda, həmçinin, 1992-ci ildə baş verən Xocalı soyqırımının birbaşa icraçısı olan Ermənistanın indiki prezidenti Serj Sarkisyanın Azərbaycan xalqına qarşı dünyanın gözləri qarşısında eyni soyqırım siyasətini davam etdirdiyi diqqətə çatdırılır. Qeyd olunur ki, bu hadisənin baş verməsi bir daha Ermənistanın bölgədə sabitlik və əmin-amanlığa ciddi təhlükə və münaqişənin dinc yolla nizamlanması proseslərinə maneə olduğunu göstərir.

Bəyanat BMT-yə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə, Avropa Parlamentinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurası Parlament Assambleyasına göndərilib.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti