...

Binəqədidə Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib (FOTO)

Siyasət Materials 3 May 2018 15:01 (UTC +04:00)

Bakı. Trend:

Mayın 2-də Binəqədi rayonunda yerləşən Azərbaycan Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, millət vəkilləri və media nümayəndələri iştirak edib.

Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova açılış nitqi ilə çıxış edərək, qonaqları salamlayıb və ulu öndər Heydər Əliyevin Siyasi Sənədlər Arxivi ilə bağlı xatirələrini bölüşüb. O bildirib ki, Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ilk imzaladığı sərəncamlardan biri məhz Siyasi Sənədlər Arxivinin yaradılması ilə bağlı olub və arxivin binası Prezident İlham Əliyevin sərəncamı ilə əsaslı təmir edilib.

Daha sonra çıxış edən Azərbaycan Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, onu bütün dövrlərin ən böyük Azərbaycanlısı kimi xarakterizə edib. Bu gün gənc nəslin hər bir nümayəndəsinə onun həyat və fəaliyyətini daha dərindən öyrənməyi tövsiyə edib.

Daha sonra çıxış edən millət vəkilləri Musa Qasımlı, Fəzail İbrahimli, Elman Nəsirov və digərləri Ümummilli liderin həyat və fəaliyyəti, o cümlədən müasir Azərbaycanın müstəqilliyinin əldə olunmasında fədakar xidmətləri barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.

BRİH başçısının müavini Aygün Əliyeva bildirib ki, məhz Heydər Əliyevin sayəsində Azərbaycan bölünmək, parçalanmaq təhlükəsindən qurtula bildi və bu əzmin, mübarizliyin təməlində ulu öndərin Azərbaycançılıq məfkurəsi dayanırdı. 90-cı illərin əvvəllərində müxtəlif qrupların radikal separatçılıq meyllərinin olmasına baxmayaraq, o qüvvələr Heydər Əliyev dühası qarşısında heç bir şey edə bilmədilər və bugünkü çiçəklənən Azərbaycan Respublikası bu təfəkkürün məhsuludur.

Tədbirin gedişində çıxış edən digər çıxışçılar da Ümummilli lider Heydər Əliyevin müxtəlif sahələrdə göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar.

Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş video-çarx təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti