...

BMT nümayəndələri ermənilərin Ağdamda törətdiyi vandalizm faktları ilə tanış oldu - Emin Hüseynov

Siyasət Materials 4 Mart 2022 15:21 (UTC +04:00)
BMT nümayəndələri ermənilərin Ağdamda törətdiyi vandalizm faktları ilə tanış oldu - Emin Hüseynov

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün BMT-nin Yaşayış Məskənləri Proqramının (UN-HABITAT) icraçı direktoru (BMT Baş katibin müavini statusunda) xanım Maimunah Mohd Şərifin başçılıq etdiyi nümayəndə heyəti Ağdam şəhərinə səfər etdi.

Trend-in məlumatına görə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, qonaqlar şəhərin əsas hissələri, həmçinin şəhərin baş planı ilə tanış edilib.

“Qonaqları Ağdam şəhərində törədilən urbisidin bariz nümunələri ilə tanış etdik. Bilirsiniz ki, UN-HABITAT məhz urbanizasiya, şəhər quruculuğu ilə bağlı XXI əsrdə yaranan çağırışlarla məşğul olan beynəlxalq təşkilatdır.

Bu səfər zamanı, həmçinin, Ağdam və işğaldan azad olunmuş digər ərazilərdə gedən bərpa-quruculuq işləri ilə onları da tanış elədik. Azərbaycan Hökumətinin bu bərpa prosesinə yanaşmasını və idarəetmə mexanizmini izah elədik. Eləcə də bu təşkilatların Azərbaycan təcrübəsindən bəhrənə biləcəkləri barədə fikir mübadiləsi apardıq.

Ümid edirəm ki, qonaqların bu səfəri onlar üçün faydalı olacaq. Əlbəttə ki, bu torpaqlarda 30 il ərzində törədilmiş vandalizm faktları danılmazdır. Amma, eyni zamanda, biz gələcəyə baxmalıyıq. Cənab Prezidentin rəhbərliyi altında dövlətimiz bu torpaqlarda gözəl şəhərlər, kəndlər quracaq. Sözsüz ki, bütün bunların məqsədi vətəndaşlarımızın tez bir zamanda dədə-baba torpaqlarına qayıtmasıdır. Məqsədimiz odur ki, Qarabağa həyat qayıtsın. Bu, artıq baş verir və beynəlxalq təşkilatlar da bunun şahidi oldular”, - deyə E.Hüseynov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti