Bakı. Trend:
Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti barədə bəyannamənin qəbul edilməsi hər iki ölkənin inkişafı üçün yeni perspektivlər açıb.
Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən "Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ölkələri ilə iqtisadi əməkdaşlığın inkişaf potensialı" adlı tədbir zamanı deyib.
Səfirin sözlərinə görə, hazırda Azərbaycan və Rusiya ikitərəfli əməkdaşlığın yeni mərhələsindədir.
"Biz Azərbaycanda iqtisadi tərəqqini maraqla müşahidə edirik. Biz bir müddət əvvəl Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş və ölkənin iqtisadi inkişaf nəticələrinin və hökumətin qarşısında duran tapşırıqların müzakirə olunduğu iclasla bağlı məlumatlarla tanış olmuşuq", - deyə M.Boçarnikov bildirib.
Qeyd edək ki, bu ilin ilk iki ayı ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 405 milyon dolları ötüb.
(Tərcümə: Orxan Nəbiyev)