Bakı. Trend:
30 illik erməni işğalı dövründə Azərbaycan ərazilərinin 20 faizində bütün sosial və iqtisadi infrastruktur tamamilə dağıdılıb, şəhər və kəndlər, qəsəbələr ermənilər tərəfindən məqsədyönlü şəkildə məhv edilib, bütün mədəni və dini abidələr talan edilib. Eyni zamanda ekologiyaya qarşı barbarcasına davranılıb, ərazilərimizdə ekoloji terror törədilib.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, işğal altında olmuş ərazilərimizdə 67 məsciddən 65-i tamamilə dağıdılıb, 2-si isə yararsız vəziyyətə salınıb.
“Ermənilər təkcə bu vandalizmi törətməmişlər, onlar həmçinin işğal altında olmuş ərazilərimizdə çoxsaylı minalar basdırıblar və hazırda Azərbaycan ərazisi minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. İkinci Qarabağ müharibəsindən sonra 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olub və ya yaralanıb. Bununla bərabər digər problem ondan ibarətdir ki, çoxsaylı minalar həmin ərazilərdə bərpa və quruculuq işlərinə ən böyük maneədir.
İkinci Qarabağ müharibəsindən sonra Ermənistan mina xəritələrinin olmadığını iddia edirdi, lakin bir müddət sonra bir neçə xəritəni üzə çıxardı, ancaq o xəritələr də çox səmərəsiz oldu. Ermənistanın bu davranışı beynəlxalq konvensiyalara ziddir və cinayət əməlidir. Çünki həmin ərazilərdə insanlar minaların qurbanlarına çevrilirlər, soydaşlarımızın öz doğma yurdlarına dönməsinə ciddi maneə yaranır”, - deyə deputat bildirib.
O qeyd edib ki, beynəlxalq təşkilatlar buna münasibət bildirməli və Ermənistana təzyiq göstərməlidir ki, mina xəritələrini üzə çıxarsın və mina təmizləmə işləri sürətləndirilsin.
“Azərbaycan Prezidenti İlham Əliyev bu haqda vəziyyəti hər zaman diqqətə çatdırır və bu günlərdə Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşündə də bu məsələyə diqqət çəkib. Prezident çox mütərəqqi bir təşəbbüs irəli sürərək Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edib. Bununla dövlət başçısı bir daha yüksək tribunadan mina problemini diqqətə çatdırdı”, - deyə deputat əlavə edib.