...

Bakı Forumunda Çinin qlobal inkişaf və təhlükəsizlikdə rolu müzakirə edilib (FOTO)

Siyasət Materials 10 Mart 2023 20:08 (UTC +04:00)
Bakı Forumunda Çinin qlobal inkişaf və təhlükəsizlikdə rolu müzakirə edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan paytaxtında keçirilən “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu martın 10-da işini panel iclaslarla davam etdirib.

Trend xəbər verir ki, günü dördüncü, ümumilikdə Forumun isə 7-ci panel iclası “Qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu" mövzusuna həsr olunub.

Tədbirdə əvvəlcə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Serbiyanın sabiq Prezidenti Boris Tadiçin moderatorluğu ilə keçirilən iclasda Çinin dünya iqtisadiyyatında artan rolu, ictimai inkişaf və təhlükəsizliyə təsirindən danışılıb.

Boris Tadiç bildirib ki, Çində inkişafın səbəbi davamlı islahatların aparılmasıdır. Qeyd edilib ki, bu, Çinin gələcəyi deməkdir və dünyanın inkişafına stimul verir. Moderator dünyanın qarşılaşdığı problemlər fonunda Çinin təcrübəsini öyrənməyin önəmini vurğulayıb. O, Çinin “Bir kəmər, bir yol” layihəsinin əhəmiyyətini qeyd edib, bu layihənin bir çox ölkələrin inkişafına təsir göstərdiyini bildirib.

Qlobal Bakı Forumunda ilk dəfə iştirak etdiyini və bundan məmnunluq duyduğunu bildirən Çinin Avropa Məsələləri üzrə xüsusi nümayəndəsi, Çinin Almaniyada sabiq səfiri Vu Honqbo Forumun mühüm beynəlxalq platforma olduğunu deyib, bu imkanı yaratdığına görə Azərbaycan rəhbərliyinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü ifadə edib.

Son üç ildə Çində və bütün dünyada böyük dəyişikiliklərin baş verdiyini qeyd edən Vu Honqbo deyib: “Pandemiya, iqlim dəyişikliyi, münaqişələr dünyamıza baha başa gəldi. Hazırda planetimizdə qeyri-müəyyənlik və qeyri-sabitlik müşahidə olunur. Təhlükəsizlik təmin edilmədən heç bir inkişafdan söhbət gedə bilməz. Çinin təşəbbüslərindən biri də qlobal inkişafdır. Bu təşəbbüs bir neçə əsas sütun üzərində qurulub. Bunlardan inkişaf, innovasiya, harmoniyanı qeyd edə bilərəm”, - deyə Vu Honqbo vurğulayıb.

Təhlükəsizlik və inkişafın bir-biri ilə sıx bağlı, ölkəsinin dayanıqlı inkişafın tərəfdarı olduğunu qeyd edən xüsusi nümayəndə Çinin sülh istədiyini və başqa ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşdığını diqqətə çatdırıb.

Kamboca Milli Assambleyasının sədr müavini Xuon Soudari Forumun və məhz panel müzakirələrin qlobal inkişafın və təhlükəsizliyin təmin edilməsinə töhfə verəcəyinə ümid bəslədiyini bildirib. Soyuq müharibələrə son qoyulmasının vacibliyini qeyd edən Xuon Soudari deyib: “Çin bu mövzuda dünyada ən fəal ölkələrdəndir. Digər ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşan Çin hökuməti sülhün, sabitliyin bərqərar olması üçün təşəbbüs göstərir”.

Macarıstanın sabiq Baş naziri Peter Medyeşi isə bildirib ki, 10 il bundan əvvəl analitiklər Çinin uğursuzluğa düçar olacağını desələr də, bu baş vermədi. Çin son 35 ildə vacib aktora çevrilib. Bu ölkə COVID-19 pandemiyasından sonra özünü inkişaf etdirib və orada yoxsulluğun qarşısı alınıb. Çin, eyni zamanda, çox vacib tərəfdaşdır.

Azərbaycanda olmaqdan və Bakı Forumunda iştirakdan qürur və məmnunluq duyduğunu dilə gətirən Pakistanın sabiq Baş naziri Şövkət Əziz Qlobal Bakı Forumunun önəmini vurğulayıb. Bu tədbirin zamanında və məqamında keçirildiyini diqqətə çatdırıb.

İnkişaf üçün davamlı islahatların aparılmasının vacibliyini qeyd edən Şövkət Əziz Pakistanda müxtəlif layihələrin həyata keçirilməsi nəticəsində infrastrukturun xeyli inkişaf etdiyini deyib. Dünyanın siyasi və iqtisadi çətinliklərlə üzləşdiyini bildirən pakistanlı natiq deyib: “Münaqişələr, bir-birindən asılılıq müəyyən problemlər yaradır. Biz xalqlar arasında harmoniya yaratmalıyıq. Narahatlığı aradan qaldırmaq, müsbət dəyişikliyə getmək lazımdır. Biz Çinin təcrübəsindən istifadə edirik. Pakistan Böyük İpək Yolu layihəsi nəticəsində xeyli inkişaf edib”.

“Bir kəmər və bir yol” layihəsinin əhəmiyyətindən danışan Şövkət Əziz ölkəsinin bu layihədən faydalandığını vurğulayıb.

Şanxay Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi, Tacikistanın sabiq xarici işlər naziri Raşid Alimov Çinlə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdən danışıb: “Çinin təhlükəsizlikdə rolu güzgü kimidir. Bu yol 10 illiklər ərzində əhatə olunub. Çin və Mərkəzi Asiya ölkələri inkişaf mərhələsindədir. Bu, çox yaxşıdır”.

R.Alimov Çinin vacib ixrac mərkəzinə və Asiyanın birbaşa sərmayə mənbəyinə çevrildiyini qeyd edib.

Rumıniyanın Baş naziri Petre Roman Çinin son 40 ildə iqtisadiyyat sahəsində böyük sıçrayış etdiyini deyib. Bildirib ki, Çin ABŞ-dan sonra dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilib. “Təhlükəsizlik məsələlərində qlobal reallıqlar var. Bununla yanaşı, dünyada böyük qlobal problemlər mövcuddur. Biz qlobal problemlərin həlli üçün davamlı olaraq bir araya gəlməli, həmrəylik göstərməliyik”, - deyə o bildirib.

Panel iclası müzakirələrlə davam edib.

Qeyd edək ki, Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumu öz işinə martın 11-də yekun vuracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti