Bakı. Trend:
2023-cü il aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkəranə şəkildə yandırılması erməni xislətini bir daha göstərdi, Ermənistanın əsl terrorçu mahiyyətini ortaya qoydu.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O qeyd edib ki, bu barbarlığın, vandal hərəkətin Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirak etdiyi mərasimdə baş verməsi Ermənistanın terrorçu mahiyyətini ortaya qoyur, hələ də revanşist xülyalarda olduğunu göstərir.
“İdman yarışları həm də xalqları birləşdirən, sülhü, birliyi tərənnüm edən tədbirlərdir. Ələxsus da İrəvanda keçirilən bu yarışın beynəlxalq tədbir olması Ermənistana bu cür qeyri-humanist, vandal davranış nümayiş etdirməyə heç bir haqq vermir. Ancaq Ermənistan həmişə olduğu kimi beynəlxalq prinsipləri ayaqlar altına atır, terrorçu və revanşist mahiyyətini ortaya qoyur.
Digər tərəfdən Ermənistanın bu çirkin əməli beynəlxalq hüquqa ziddir. Ermənistan beynəlxalq qanunlar çərçivəsində yarışın təhlükəsiz təşkili ilə bağlı üzərinə götürdüyü öhdəliyi kobudcasına pozdu. Bu bir daha göstərdi ki, Ermənistan yalançı, sözünə əməl etməyən, etibarsız bir ölkədir”, - deyə deputat bildirib.
A.Həsənova qeyd edib ki, Ermənistanın bu qeyri-humanist əməli və beynəlxalq prinsiplərə zidd davranışı cəzasız qalmamalıdır.
“Beynəlxalq idman təşkilatları, xüsusilə Avropa Ağır Atletika Federasiyası Ermənistana sanksiya tətbiq etməli və bu ölkə ilə bağlı ciddi tədbirlər görülməlidir. Artıq bundan sonra Ermənistanda hər hansı bir beynəlxalq tədbir və ya idman yarışları keçirilməməlidir. Çünki göründüyü kimi Ermənistan iştirakçıların təhlükəsizliyinə təminat verə bilmir, tədbirin yüksək səviyyədə keçirilməsinə qadır ölkə deyil”, - deyə A.Həsənova əlavə edib.