...

Tehran səfirliyimizin mühafizəsi məsələsində səmimidir? - Təzadlı fikirlər, qarışıq bəyanatlar...

Siyasət Materials 10 İyul 2023 15:34 (UTC +04:00)
Tehran səfirliyimizin mühafizəsi məsələsində səmimidir? - Təzadlı fikirlər, qarışıq bəyanatlar...
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Azərbaycanın Tehrandakı səfirliyinin tam şəkildə mühafizə olunacağını deməsi inandırıcı görünmür.

Bu gün (10 iyul) İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani mətbuat konfransında Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin yenidən bərpa olunacağına ümid etdiyini deyib. O bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinin təhlükəsizliyi maksimum şəkildə mühafizə olunacaq. İran XİN-in rəsmi nümayəndəsi İranın diplomatik korpusların təhlükəsizliyinin qorunması ilə əlaqədar öz məsuliyyətini anladığını diqqətə çatdırmağa çalışıb.

Yenidən maraqlı suallar səslənməyə başlayır. İran XİN rəsmisinin açıqlamasından belə çıxır ki, deməli İran Azərbaycanın Tehrandakı səfirliyinin təhlükəsizliyinə ya etina etmirmiş ya da lazımsız hesab edirmiş. Bu da səfirliyimizə qarşı terror aktının törədilməsi ilə nəticələnib. İran Azərbaycanın səfirliyinin təhlükəsizliyinin qorunması üzrə öz dedikləri kimi “diplomatik polis”i yerləşdirib, lakin polisi silahsız orada saxlamaqla (İran rəsmilərinin fikrincə, diplomatik korpusun mühafizəçi polisi silahsız olub) və yaxud polisin səfirliyə hücumu planlaşdıran və terror aktını törədənlərlə əməkdaşlıq etməsinə hansı don geyindirməyə çalışır.

İran səfirliyə qarşı terror aktı törədənin bir şəxs olduğunu durmadan səsləndirir. Lakin bir şəxsin belə sərbəst şəkildə başqa bir ölkənin diplomatik korpusuna qarşı terror aktı keçirməsinə kimsə inana bilərmi? Bu məsələdə çoxlu gizli əllərin olduğu gün kimi aydındır. Di gəl ki, İran rəsmi mövqedə hələ də bunu etiraf etmək niyyətində deyil.

İran ilk növbədə səfirliyimizə qarşı terror aktını unutdurmağa çalışmamalıdır. Tək bir cinayətkar deyil, cinayətkarlar hansı donda olursa olsun, müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmalı və ədalət öz yerini tapmalıdır.

Xatırladaq ki, ötən gün (9 iyul) Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, İrandakı səfirliyimizə hücumun istintaq işi yekunlaşmaq üzərədir.“Günahkarların ən ciddi şəkildə cəzalandırılmasını gözləyirik. Səfirliyimizin təhlükəsizliyinə tam zəmanət olduqdan sonra diplomatik missiyanın fəaliyyətinin bərpası planlaşdırıla bilər.

İran səfirliyimizin yenidən fəaliyyətə başlamasını istəyirsə, o zaman etimad və etibar yaratmalı, hər gün Azərbaycana qarşı müxtəlif tribunalardan səsləndirilən dezinformasiyalar, qarayaxmalar və sairə haqda ciddi tədbirlər görməlidir. Demək olar ki, hər gün İranda yerindən duran “ekspert”lər Azərbaycanın rəsmi atributlarından tutmuş, hər bir mövqeyini İran vətəndaşlarına mənfi formada təqdim etməklə, Azərbaycanı “düşmən” kimi tanıtdırmaqla məşğuldurlar. Belə bir durumda Azərbaycanın Tehrandakı səfirliyinin təhlükəsizliyinin tam şəkildə mühafizə olunması nə dərəcədə inandırıcı görünə bilər.

İran tərəfinin terror aktının əsas səbəbkarının guya ailə məişət zəminində səfirliyimizə hücum etdiyini, hücumdan dərhal sonra ölkə televiziyasının qurulmuş ssenari əsasında terrorçu və naməlum iki uşaqdan açıqlama almasını, bir neçə gün sonra isə hansısa dəlixanaya göndərilməsi xəbərilərini də yəqin ki, heç kim unutmayıb.
İran tərəfi düşünməlidir ki, Azərbaycan səfirliyinə qarşı terror aktında obyektivlik olmadıqca, cinayət işinin üstü tam şəkildə açılmadıqca, səfirliyin yenidən fəaliyyətə başlamasından danışmaq absurddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti