Bakı. Trend:
Biz itkin düşən şəxslərlə bağlı məsələni kökündən həll etməyə çalışırıq.
Trend xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında xarici işlər nazirinin müavini Fariz Rzayev deyib.
O qeyd edib ki, bu problemdən 30 ildən artıqdır əziyyət çəkən ölkə kimi Azərbaycan itkin düşən şəxslərlə bağlı işlərə öz töhfəsini verməkdədir.
"İnsanların qeyri-qanuni girov götürülməsi insan hüquqlarına ziddir. Ailələrinin, qohumlarının itkin düşən şəxslərin taleyi barədə məlumat almaq hüququ var. Amma təəssüf ki, Ermənistan tərəfi bu məsələdə əməkdaşlıqdan yayınır. İtkin düşən şəxslərin yerinin müəyyən edilməsi üçün bir neçə dəfə təşəbbüs göstərsək də, Ermənistan cavab verməyib. Beynəlxalq təşkilatlar itkin düşən şəxslərlə bağlı üzərinə düşən öhdəlikləri icra etməlidir", - deyə F.Razyev əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.