...

Novruz əsrlər boyu qeyd edilən qədim və özünəməxsus adət-ənənələrlə dolu bir bayramdır

Siyasət Materials 18 Mart 2024 13:40 (UTC +04:00)
Novruz əsrlər boyu qeyd edilən qədim və özünəməxsus adət-ənənələrlə dolu bir bayramdır

Bakı. Trend:

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev bütün varlığı, ruhu, qəlbi ilə Azərbaycan xalqına, onun milli adət-ənənələrinə və əxlaqi dəyərlərinə bağlı olan böyük şəxsiyyət idi. Ulu Öndər Heydər Əliyev baharın gəlişini, ana təbiətin oyanışının, həyatın yenilənməsinin, ümidlərin, istəklərin, arzuların çiçəklənməsinin, insanlar arasında bərabərliyin, həmrəyliyin, vəhdətin rəmzi sayılan Novruz bayramına xüsusilə dərin bir sevgi və məhəbbəti vardı. Ümummilli Lider Heydər Əliyev bu əziz bay­ramda xalqla birlikdə iştirak etməkdən qürur hissi duyar, Novruz bayram münasi­bətilə təşkil olunan təntənəli tədbirlərdə iştirak edər, sadə insanlarlarla səmimi söhbətlər edərdi. Ulu Öndər Heydər Əliyev eyni zamanda sevincli anlarda qəlbindən dilinə axan ülvi arzu və diləklərini əhali ilə bölüş­məkdən xüsusi zövq alardı.

Ümummilli lider, Ulu Öndər Heydər Əliyev hər zaman Novruz bayramında son dərəcə milli adət-ənənəyə xas olan və unudulmaz çıxışlar edərək qeyd etmişdir ki, Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramı­dır. Hər xalqın tarix boyu yaranmış və ənənəyə çevrilmiş bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bunların bir qismi dövlət bay­ramlarıdır, bir qismi xalq, din bayram­larıdır. Bütün bu bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır”.

Ulu Öndər Heydər Əliyev çıxışı zamanı Novruz bayramını xalqımızın həyatında, məişət və mentalitetində dərin iz bu­raxdığını qeyd edərək vur­ğulamışdır ki, “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayram­da siyasi baxışlarından, siyasi dün­yagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü gö­türsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevənlər də bayram edir, bir-birinə düşmən olan da. Amma bay­ramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlar­dan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür”. Ulu Öndər Heydər Əliyev qeyd etmişdir ki, Nov­ruz bayramının dünyada olan bütün xalqların bayramlarından fərqi odur ki, bu bayram təbiətlə, kainatla əlaqədar­dır. Özü də bunun elmi əsasları var. Bu bayram min illər boyu xalqımızın qəl­binə daxil olub və çox dərin köklər sa­lıbdır. Ona görə də bu bayramı hər bir azərbaycanlı öz doğma bayramı kimi keçirir”. Ümummilli Lider Heydər Əliyev doğma vətənini, xalqını son­suz bir məhəbbətlə sevirdi. Azərbaycanın daha güclü, qüdrətli və dünyada aparıcı bir döv­lətə çevrilməsini və ölkə vətəndaşlarının xoşbəxt, firavan, rifah içində yaşamalarını arzulayırdı. Heydər Əliyev qurucusu və memarı olduğu müstəqil Azərbaycan dövlətinin və xalqının hər zaman işıqlı gələcə­yinə inanırdı.

Novruz bayramı əsrlər boyu qeyd edilən qədim və özünəməxsus adət-ənənələrlə dolu bir bayramdır. Qeyd etmək lazımdır ki, Novruz bayramının beynəlxalq müstəvidə tanıdılması, təbliği və keçirilməsi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehribanın xanım Əliyevanın adı ilə sıx bağlıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü və ardıcıl səyləri nəticəsində UNESCO Novruz bayramını Qeyri-maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edib. Bu əlamətdar hadisə 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyası zamanı baş verib. Həmin sessiyada qəbul edilən müvafiq qərara əsasən, Novruz bayramı qeyd edilən siyahıya çoxmillətli nominasiya kimi daxil edilib. Çoxmillətli dedikdə, Azərbaycanla yanaşı, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan kimi ölkələrdə də Novruz bayramının qeyd edildiyi nəzərdə tutulur. 29 noyabr – 2 dekabr 2016-cı ildə Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Bu dövlətlərdən bir neçəsinin böyük ölkə və uzun müddətdən bəri müstəqil dövlət olmasına baxmayaraq, məhz Azərbaycanın və Mehriban xanım Əliyevanın təşəbbüskar səyləri sayəsində Novruz bayramı beynəlxalq səviyyədə tanınıb və 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü iclasında 21 mart Beynəlxalq Novruz Günü elan edilib.

Novruz eyni zamanda xeyrin şər üzərində qələbəsini simvollaşdırır. Azərbaycan xalqı 2020-ci ildə bu simvolu Rəşadətli Ordumuz tərəfindən öz həyatımıza həkk etdik, Zəfər tariximizdə yaşadıq. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. 30 il qəlbimizdə yaşayan ümid, qalibiyyət əzmi, haqqa-ədalətə inam və vətənpərvərlik hesabına Azərbaycan ən böyük arzusuna çatdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ümummilli liderin Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. “Şadam ki, müstəqilliyimizin bu baharına dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş edəcək parlaq Qələbə ilə qədəm qoymuşuq. Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir” sözləri ilə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edən cənab İlham Əliyevin vurğuladığı kimi, Qarabağın dirçəldilməsi ilə Azərbaycan əvvəlki cənnətməkan görkəminə qaytarılacaqdır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Azərbaycan dövləti güclü və yenilməzdir, ölkə vətəndaşları azad və xoşbəxtdirlər. Xalqımızın qəlbindən vətən, millət sevgisi və bahar sevinci heç vaxt əskik olmasın.

Milli Məclisin deputatı,
Rauf Əliyev

Xəbər lenti

Xəbər lenti