Bakı. Trend:
Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərində tamhüquqlu üzv olması tarixi uğurumuzdur.
Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, bu, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə mövcud olan tarixi dostluq münasibətlərini strateji müttəfiqlik münasibətləri səviyyəsinə qaldırdığını göstərir:
“Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında tarixən mövcud olan sıx dostluq əlaqələrinin Prezident İlham Əliyevin hakimiyyəti dövründə sürətlə inkişaf edərək yeni mərhələyə yüksəldiyi heç kimə sirr deyil. Təkcə bir faktı qeyd edək ki, son üç il ərzində Azərbaycanın dövlət başçısı Mərkəzi Asiya ölkələrinə 14 dəfə, Mərkəzi Asiya dövlətlərinin rəhbərləri isə ölkəmizə 23 dəfə səfər edib ki, bu da tərəflərin qarşılıqlı əməkdaşlığa böyük önəm verdiyini göstərir. Məhz bütün bu görüşlərin nəticəsidir ki, bu gün Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə ölkəmizlə bağlı alınan qərar bunu bir daha sübut edir.
Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərində tamhüquqlu üzv olması ölkəmizə Mərkəzi Asiya ilə bağlı keçirilən bütün görüşlərdə iştirak etməyə, öz mövqeyini daha prinsipial şəkildə ortaya qoymağa, bu coğrafiyada nüfuzunu və aktivliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Buna görə də Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərində tamhüquqlu üzv olması faktı Prezidentimiz İlham Əliyevin və dövlətimizin ən böyük uğurlarından biri kimi dəyərləndirilməlidir”.
Polkovnik qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərində tamhüquqlu üzv olması türk dünyası daxilindəki birlik və inteqrasiya prosesinə də müsbət təsir göstərəcək:
“Bildiyiniz kimi, son vaxtlar Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətində ciddi irəliləyişlər müşahidə edilməkdədir. Bu quruma üzv olan ölkələr arasında siyasi-iqtisadi və mədəni əlaqələrin sürətli inkişafı, hərbi əməkaşlıq məsələlərinin aktiv müzakirəyə çıxarılması və s. türk dünyası daxilindəki birlik əzmini əks etdirir. Bu mənada Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərində tamhüquqlu üzv olması, türk dövlətləri daxilindəki bu birliyi daha da gücləndirəcək, türk dünyasının qlobal müstəvidə vahid strategiya sərgiləməsi üçün geniş imkanlar açacaq”.
Cəlil Xəlilov yaxın gələcəkdə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında beynəlxalq əhəmiyyətli layihələrin də reallaşacağına diqqət çəkdi:
“Azərbaycan Mərkəzi Asiyanın enerji ehtiyatlarının dünya bazarına, xüsusilə Avropa bazarına çıxarılması baxımından böyük perspektivə malikdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son açıqlamalarından da məlum olur ki, yaxın gələcəkdə Mərkəzi Asiya ilə Azərbaycan arasında beynəlxalq əhəmiyyətli yeni layihələr gerçəkləşəcək. Bunlardan biri Xəzərin dibi ilə fiber-optik kabelin, digəri isə elektrik kabelinin çəkilməsidir.
Bu iki nəhəng layihə bir daha sübut edir ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələr sürətlə genişlənməkdədir və əlaqələrin bu şəkildə inkişafı türk dövlətləri arasında digər müstəvilərdə də əlaqələrin inkişafına imkan yaradacaq”.
