...

AVROPA GƏNCLƏR FORUMU BÜRO ÜZVLƏRİ AZƏRBAYCAN GƏNCLƏRİNİN PROBLEMLƏRİNİ ÖYRƏNİRLƏR

Siyasət Materials 22 İyul 2005 13:48 (UTC +04:00)

İyulun 21-də Cənubi Qafqaz ölkələrinə səfərləri çərçivəsində Bakıya gəlmiş Avropa Gənclər Forumu (AGF) Büro üzvlərinin məqsədi region ölkələrinin gənclərinin problemlərini öyrənməkdir.

Trend informasiya agentliyi xəbər verir ki, bu barədə AGF Büro üzvləri- Danimarkanın Gənclər Təşkilatları Milli Şurasının sədri Piter Matsen, Moldovanın Gənclər Təşkilatları Milli Şurasının rəhbərliyində təmsil olunan Tanya Bessarab və Mariana Çurkan iyulun 22-də Beynəlxalq Mətbuat Mərkəzində keçirdikləri mətbuat konfransında bildiriblər.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə keçirilmiş görüşdə təşkilata daxil olan gənclər təşkilatlarının rəhbərləri, eləcə də KİV nümayəndələri iştirak ediblər. ARGTMŞ-in hələ 2000- ildən AGF ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran təşkilatın sədri Fuad Muradov, indiyədək bir sıra layihələrdə birgə əməkdaşlıq etdiklərini bildirib.

Azərbaycana səfərlərində məqsədin buradakı gənclər təşkilatlarının problemləri ilə yaxından tanış olmaqdan ibarət olduğunu vurğulayan Mariana Çurkan, səfərlə bağlı təəssüratlarının AGF Bürosuna çatdırılacağını bildirib.

AGF-nin siyasi qurum olmadığını diqqətə çatdıran natiq, təşkilat daxilində həyata keçirdikləri proqramlarda Cənubi Qafqaz ölkələri gənclər təşkilatlarının bir-birinə yaxınlaşmasına yardım göstərməyə çalışdıqlarını söyləyib.

Bakıya səfər etməzdən əvvəl Ermənistan və Gürcüstanda olduqlarını xatırladan M.Çurkan, buradakı gənclər təşkilatlarının problemləri ilə də maraqlandıqlarını bildirib.

Sonra qonaqlar ARGTMŞ-ə daxil olan gənclər təşkilatlarının nümayəndələrinin, eləcə də KİV təmsilçilərinin suallarını cavablandırıblar.

Qeyd edək ki, Avropa Gənclər Forumu (AGF) Büro üzvlərinin Azərbaycana səfəri iki gün davam edəcək. Sabah qonaqların Sumqayıt şəhərinə səfəri planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti