...

ASİM MOLLAZADƏ AŞ PA-DA TÜRKİYƏ ƏLEYHİNƏ HAZIRLANAN SƏNƏDƏ ETİRAZINI BİLDİRİB

Siyasət Materials 3 Oktyabr 2005 19:38 (UTC +04:00)

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Demokratik İslahatlar siyasi qrupunun iclası olub. Trend bildirir ki, iclasda Türkiyə və Yunan Kipri ilə bağlı hazırlanan sənədin müzakirəsi keçirilib. Müzakirələr zamanı Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə çıxış edərək adıçəkilən sənədə iradlarını bildirib. O, Türkiyə ilə Avropa Birliyi arasında müzakirələrin başladığı bir vaxtda belə bir sənədin AŞ PA-da qəbul olunmasının Türkiyənin əleyhinə yönəldiyini ifadə edib. "Kofi Annan planının uğursuzluğa düçar olmasının günahkarı Türkiyə yox, Yunan Kipridir. Buna görə də, Kipr probleminin həll olunmamasının məsuliyyətini yunan tərəfi daşıyır. AŞ PA bu gün Yunan Kiprini münaqişənin həllində maraqlı olmadığına görə qınamalıdır. Qəribədir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır, lakin AŞ PA bununla bağlı sənəd qəbul etmir. Amma AŞ PA Türkiyəni məcbur etmək istəyir ki, Yunan Kiprini tanısın. Bu artıq ikili yanaşmanın təzahürüdür. AŞ PA Türkiyəni Yunan Kiprini tanımağa məcbur etməmişdən əvvəl Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etməlidir" - deyə Asim Mollazadə qrupun iclasında bildirib.

Qeyd edək ki, AŞ PA-da Türkiyə əleyhinə olan bir qrup şəxs Türkiyənin Yunan Kiprini tanıması ilə bağlı sənəd hazırlayır. Bu sənəd AŞ PA-nın payız sessiyasında səsverməyə çıxarıla bilər. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti sənədin hazırlanmasının əleyhinə çıxış edib və bu məsələdə Türkiyə nümayəndə heyəti ilə həmrəylik nümayiş etdirib.

Xəbər lenti

Xəbər lenti