...

AVCİYA seçkinin müşahidəsinə dair hesabatını açıqlayıb

Siyasət Materials 8 Noyabr 2005 18:45 (UTC +04:00)

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) 6 noyabr parlament seçkilərində ölkə üzrə yerli müşahidəçilik funksiyasını həyata keçirən İşçi Qrupu hesabatını təqdim edib. Hesabat barədə Trend ə Assosiasiyadan məlumat verilib.

AVCİYA-nın təşkilatçılığı ilə 5000 nəfər yerli müşahidəçi ölkə üzrə hər dairədə seçkiləri müşahidə edib. İşçi Qrupunun məlumatına görə, səsvermə prosesi başa çatana qədər müşahidəçilərin seçkilərin gedişatını izləmələrinə maneçiliklər törədilməyib. Səsvermə prosesi başa çatdıqdan sonra bəzi hallarda məntəqə sədrlərinin özbaşınalığı,bəzi hallarda isə bir sıra şəxslərin məntəqələrə qeyri-qanuni müdaxiləsi nəticəsində müşahidəçilərin səslərin sayılmasını müşahidə etməsi ilə bağlı problemlər yaranıb. Ümumiyyətlə bəzi müşahidəçilər məntəqə seçki komissiyalarının yekun protokollarının nüsxəsini əldə edə bilməyiblər. Bəzi hallarda məntəqə seçki komissiyası sədrlərinin yaratdığı süni əngəllər nəticəsində müşahidəçilər qanunla üzərlərinə düşən işi görməkdən məhrum ediliblər.

Ümumiyyətlə, İşçi Qrupunun ən çox hüquq pozuntularına görə qeydə aldığı dairələr 9 saylı Binəqədi ikinci, 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 27 saylı Sabunçu ikinci,31 saylı Suraxanı ikinci, 38 saylı Gəncə Nizami ikinci,42 saylı Sumqayıt inkinci, 51 saylı Qusar, 79 saylı İmişli, 89 saylı Göyçay-Ağdaş, 102 saylı Samux-Şəmkir, 119 saylı Ağdam kənd, 122 saylı Xankəndi və 123 saylı Kəlbəcər dairə seçki komissiyalarıdır.

AVCİYA-nın və "Şəffaf Seçkilər Monitorinq Mərkəzi"nin müşahidələrinə əsasən hesabatında bildirib ki, seçki prosesindəki qanun pozuntuları tək-tək hallarda olub, lakin ciddi xarakter almayıb. Bu qurumlar hesab edir ki, ilkin müşahidələrə görə, göstərilən pozuntular bəzi məntəqələrdə səsvermənin nəticələrinin ləğvinə əsas vermir: "Biz bəyan edirik ki, ilkin nəticələrə görə yerli müşahidəçilərinin qeydə aldığı bütün pozuntular seçkinin nəticələrinə ciddi təsir göstərmək iqtidarında deyil. Buna görə də AVCİYA 6 noyabrda Milli Məclisə keçirilən seçkinin nəticələrini qəbul edir"-deyə hesabatın sonunda bildirilir.

Xəbər lenti

Xəbər lenti