"Müxalifətin noyabrın 19-da keçirəcəyi yürüş-mitinqdə və ondan sonrakı bütün aksiyalarında iştirak edəcəyik". Bu fikirləri Trend ə açıqlamasında "Yeni Siyasət" blokunun həmtəsisçisi Eldar Namazov bildirib. O, qeyd edib ki, təmsil etdiyi blok digər müxalifət qüvvələri kimi qanunların verdiyi imkanlar daxilində seçkinin nəticələrinə qarşı bütün vasitələrdən istifadə edəcəklər.
E.Namazov müxalifətin növbəti mitinqləri oturaq aksiyaya çevirəcəyi barədə yayılan məlumatları nə təsdiq, nə də təkzib edib. O, müxalifətin tələblərinə nail olana qədər etiraz tədbirlərini davam etdirməkdə israrlı olduqlarını vurğulayıb. E.Namazov eyni zamanda bildirib ki, "Yeni Siyasət" bloku qanunlar çərçivəsində mübarizə aparmaq niyyətindədir. E.Namazov blokun namizədlərinin üzləşdikləri maneələr və saxtakarlıqlarla bağlı Mərkəzi Seçki Komissiyasına, Respublika Prokurorluğuna müraciət etdiklərini deyib.
Qeyd edək ki, "Azadlıq" bloku noyabrın 19-da və 20-də "Qələbə" meydanında mitinq keçirməyi planlaşdırır. Bu aksiyada "Yeni Siyasət" bloku ilə yanaşı "Milli Birlik" Hərəkatı və digər siyasi partiyalar da iştirak edəcəklər.