...

Hilmi Gülər: Bakı –Tbilisi- Ceyhan 2006-cı ilin martında doldurulacaq

Siyasət Materials 17 Yanvar 2006 16:45 (UTC +04:00)
Hilmi Gülər: Bakı –Tbilisi- Ceyhan  2006-cı ilin martında doldurulacaq

Trend in Türkiyənin energetika və təbii ehtiyatlar naziri ilə eksklüziv müsahibəsi

- Hazırda Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə hissəsinin tikintisi hansı mərhələdədir?

- Biz Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi çərçivəsində dünya bazarına Xəzər regionundan, ilk növbədə Azərbaycandan xam neft ixrac etməyə çalışırıq. Boruların hazırki sistemi məqsədə (Ceyhan limanından tankerlərin doldurulması) təhlükəsiz, faydalı və ətraf mühitə ziyan vurmadan çatmağa imkan verir. Məlum olduğu kimi, boru kəmərinin doldurulması üçün 10 milyon barel neft lazımdır. Hazırki mərhələdə boru kəmərinin Azərbaycan və Gürcüstan hissəsi artıq doldurulub. Kəmərin 1076 kilometrlik Türkiyə kəsiyi isə 2005-ci il noyabrın 18-dən neft qəbul etməyə başlayıb.
Neft kəmərinin Türkiyə kəsiyinin təhlükəsiz və mükəmməl fəaliyyət göstərməsi, borunun 40 il ərzində səmərəli fəaliyyət göstərməsi üçün biz onun yoxlanması və doldurulması üzrə planlı işləri davam etdiririk. Biz BTC neft kəmərini Azərbaycan nefti ilə 2006-cı ilin martında doldurmağı planlaşdırırıq.

- Cənubi Qafqaz qaz kəməri (SCP) ilə nəql olunan qazın qəbulu üçün infrastrukturların tikintisi üzrə hansı işlər yerinə yetirilib?

- Türkiyənin Gürcüstan vasitəsilə Azərbaycanın təbii qazını alınmasını nəzərdə tutan layihə 3 hissəyə ayrılır: "Şahdəniz" (upsteam-kəşfiyyat-işlənmə-hasilat), SCP (South Caucasus Pipeline) - Cənubi-Qafqaz boru kəməri (medstream-nəql nəql edilmə) və Gürcüstan-Ərzurum sərhəddi. Borunun uzunluğunun 225 kilometr, diametrinin isə 48 millimetr olduğu layihənin sonuncu hissəsi (Gürcüstan sərhəddi və Ərzurum qaz kəməri) nəticədə Şərqi Anadolu xətti (İran təbii qazı layihəsi) ilə birləşdiriləcək.
Bu gün borunun çəkiləcəyi ərazilərin milliləşdirilməsi üzrə işlər, eləcə də mühəndis işləri başa çatır. Layihə çərçivəsində inşaat işləri bilavasitə davam edir. Bütün bu planlı işlər qaz tədarükünə 2006-cı ilin son rübündə başlanması nəzərə alınmaqla aparılır.

- Türkiyə BTC layihəsi üzrə tərəfdaşlarından birbaşa neft alacaqmı? Türkiyə üçün sonradan yerli neft emalı zavodlarında yenidən işlənməsi məqsədilə Azərbaycan neftini almaq nə dərəcədə cəlbedicidir?

- Artıq məlum olduğu kimi, TPAO dövlət şirkəti Türkiyənin adından çıxış edir və bu konsorsiumda 6,75 % paya malikdir. Bundan əlavə, nəqliyyat xərcləri kifayət qədər aşağı olduğundan Türkiyə TRAO-nun malik olduğu paydan əlavə ehtyac duyduğu neft həcmini Ceyhan limanından əldə edə bilər.

- Türkiyə tankerlərin Bosfor və Dardanel boğazlarından keçməsi qaydalarını sərtləşdirmək siyasətini davam etdirəcəkmi?

- Məlum olduğu kimi, Xəzər regionu, Yaxın Şərq və Orta Asiyanın enerji ehtiyatlarının Avropa və dünya bazarlarına nəql olunması üçün Bosfor və Daldanel boğazlarından az qala "boru kəməri" kimi istifadə olunur. Hərçənd ki, bu gün nəqliyyat daşınmalarının həcmi onsuz da yüksəkdir. Bu daşınmaların həcmi hər il durmadan artır. Misal üçün, 2003-cü ildə türk boğazları vasitəsilə neft daşınmalarının həcmi 134 milyon ton, 2004-cü ildə 140 milyon ton təşkil edib. Gözlənildiyinə görə, 2009-cu ildə bu rəqəm 190-200 milyon ton təşkil edəcək. Bu artım bəşər mədəniyyətinin ən qədim mərkəzlərindən biri olan İstanbul şəhəri, eləcə də Türk boğazlarını ekoloji və sosial risqlərlə üz-üzə qoya bilər.
Türk boğazları vasitəsilə tankerlərin keçməsi rejimi üzərində nəzarətin yaxşılaşdırılması və qrafikin təkmilləşdirilməsi ilə bağlı nə qədər mühüm tədbirlər (bu zaman hətta Beynəlxalq Dəniz Təşkilatının neft daşıyan tankerlərlə bağlı yeni standartlar tətbiq etməsi də nəzərə alınmaqla) qəbul edilsə də, yuxarıda göstərilən risqlər hələ də qalmaqda davam edir.
Eyni zamanda, Qara dəniz istğiqamətində Odessa-Brodı neft kəmərindən də istifadənin zəruriliyi bildirilir. Həm də yaxın vaxtlarda Qazaxıstanın "Tengiz" yatağından neft hasilatı həcminin artırılacağını da unutmaq olmaz. Bütün bunlar şübhəsiz ki, türk boğazları üçün risqlərin daha da artacağını göstərir.
Yuxarıda sadalanan faktlara əsaslanaraq qeyd etmək vacibdir ki, tərəfimizdən görülən tədbirlər yalnız Bosfor və Dardanel boğazlarından tankerlərin təhlükəsiz keçidi rejimi üzərində nəzarət və təkmilləşdirmə məqsədi daşıyır. Bu mənada belə siyasətin yürüdülməsi həyati əhəmiyyət kesb edir.

Xəbər lenti

Xəbər lenti