...

Koreya Respublikası prezidentinin Bakıya səfər proqramı və gündəliyi hazırlanır

Siyasət Materials 8 May 2006 16:29 (UTC +04:00)

Koreya Respublikasının ekspert qrupu bu ölkənin prezidenti Rox Mu Hyunun Azərbaycana rəsmi səfərinə hazırlıq məqsədilə Bakıdadır. Bu barədə Trend ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Mayın 10-da başlayacaq 3 günlük səfər ərəfəsində yüksək vəzifəli ekspertlər Koreya liderinin səfər proqramı və gündəliyini hazırlayacaq. Səfər proqramının layihəsinə Azərbaycan prezidenti ilə təkbətək görüş, hökumət nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli danışıqlar, sənədlərin imzalanma mərasimi və prezidentlərin birgə brifinqinin daxil ediləcəyi gözlənilir. Həmçinin, Rox Mu Hyunun Azərbaycan-Koreya biznes forumunda iştirak edəcəyi və mədəni proqramın təşkil olunacağı gözlənilir.

Tərəflərin Bakıda imzalanacaq ikitərəfli sənədlərin layihələrini hazırlayacağı gözlənilir. Bu sənədlər arasında dövlət başçılarının birgə bəyannaməsi, Xəzər dənizindəki yataqların işlənməsi sahəsində əməkdaşlıq üzrə qarşılıqlı anlaşma haqqında memorandum, hava nəqliyyatı, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığa dair sazişlər vardır.

Koreyanın Bakıdakı səfiri Lyu Kvanq Çul isə bəyan edib ki, ikitərəfli danışıqlarda əsas diqqət ticarət, investisiya, o cümlədən energetika, təbii sərvətlər, sənaye, nəqliyyat, informasiya və kommunikasiya sahələrində əməkdaşlıq məsələlərinə yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti