...

Piter Semnebi: Zaqafqaziyanın hər 3 ölkəsi müxtəlif istiqamətlərdə hərəkət edir

Siyasət Materials 17 May 2006 11:49 (UTC +04:00)
Piter Semnebi: Zaqafqaziyanın hər 3 ölkəsi müxtəlif istiqamətlərdə hərəkət edir

Zaqafqaziyanın hər 3 ölkəsi müxtəlif istiqamətlərdə hərəkət edir. Bu barədə ilk rəsmi səfərlə Moskvaya gəlmiş Avropa Birliyinin Zaqafqaziya üzrə xüsusi nümayəndəsi Piter Semnebi mayın 17-də "Nezavisimaya qazeta"da dərc olunmuş müsahibəsində bildirib.

"Belə ki, Gürcüstan Avropa Birliyinə və bütövlükdə Qərbə meyl edir. Ermənistan hələ də ətrafında yaranmış təcridin və bunun doğurduğu bütün məhdudiyyətlərin təsiri altında olması ilə seçilir. Azərbaycan öz tərəfdaşları və qonşuları ilə münasibətdə kifayət qdər balanslaşdırılmış siyasət yürüdür", - deyə P.Semnebi bildirib.

O hesab edir ki, hər üç ölkə öz dövlət təsisatlarını möhkəmləndirmək zərurəti ilə qarşılaşır. "Belə olan halda isə Gürcüstan və Ermənistanın "böyük qonşular"la problemləri yaranır.

Dondurulmuş münaqişələrin həlli perspektivləri ilə bağlı sualı cavablandıran P.Semnebi deyib: "AB hesab edir ki, münaqişə rayonlarında icmalar, çoxluq və azlıqlar arasında etimadın yaradılması istiqamətində böyük işlər görmədən bu münaqişələrin həlli qeyri-mümkündür. Ölkələr və regionlar arasında və onların böyük qonşuları ilə etimad atmosferi yaratmaq vacibdir. Bu, həmin ölkələrin həm siyasi, həm də iqtisadi perspektivlərini, yəni iqtisadi inkişaf və rifah yollarını aydın şəkildə müəyyən etmədən qeyri-mümkündür. Düşünürəm ki, bütün bunlar üzərində həm AB və Rusiya, həm də region ölkələri və maraqlı tərəflər işləməlidir", - deyə P.Semnebi qeyd edib.

Xəbər lenti

Xəbər lenti