...

"YOX" Hərəkatının rəhbəri Beynəlxalq Avropa Hərəkatının Azərbaycanda təmsilçiliyini yaradır

Siyasət Materials 15 Dekabr 2006 14:48 (UTC +04:00)

Azərbaycanda "YOX" Hərəkatı adı ilə tanınan qurumun rəhbəri, keçmiş deputatlığa namizəd Razi Nurullayev Beynəlxalq Avropa Hərəkatının ölkəmizdə təmsilçiliyinin açılması üçün təşkilat komitəsi yaradıb. Bu barədə Trend ə Razi Nurullayev məlumat verib.

O, qeyd edib ki, nüfuzlu Beynəlxalq Avropa Hərəkatının əsası 1947-ci ildə qoyulub, hər bir Avropa ölkəsində nümayəndəliyi, 20 ölkədə isə assosiativ üzvləri fəaiyyət göstərir. R.Nurullayev Hərəkatın Azərbaycanda da təmsilçiliyinin yaradılması üçün Brüsselə səfər edib, beynəlxalq təşkilatın prezidenti və baş katibi ilə görüş keçirib. Görüşdə razılaşdırılıb ki, Hərəkatın Azərbaycan nümayəndəliyinin təsis olunması üçün təşəbbüs qrupu yaradılsın. Bundan sonra R.Nurullayev Avropa Parlamentində də bir sıra görüşlər keçirib. Beynəlxalq Avropa Hərəkatının baş ofisində yenidən bu məsələlərin detalları müzakirə olunub. R.Nurullayevin sözlərinə görə, onun nümayəndəlik təsis etmək təşəbbüsünə mane olmağa çalışanlar var: "Hərəkatın baş ofisinə elektron poçtla Azərbaycandan mənim haqqımda məktublar yazılıb, məni müxtəlif məsələlərdə günahlandırıblar. Mənim guya Azərbaycanda tanınmayan, heç nə bacarmayan şəxs olduğumu yazıblar. Amma belə nəticə ortaya çıxdı ki, Avropada məni yaxşı tanıyırlar və bu yazılanlara inanmayıblar.
Ona görə mən Azərbaycanda Təşəbbüs Qrupu yaradılmasının razılığını aldım. Bu təşəbbüsə iddia edən başqa adamlar var. Beynəlxalq Avropa Hərəkatının adından istifadə etmək olar, amma onu icazəsiz, özbaşına şəkildə rəsmən yaratmaq mümkün deyil. Bu beynəlxalq bir qurumdur, hətta Avropa Şurasını yaradan bir hərəkatdır"-deyə R.Nurullayev qeyd edib.

Təşəbbüs qrupuna rəhbərlik edən R.Nurullayev deyib ki, Azərbaycan nümayəndəliyinin yaradılması üçün yeni ildən sonra təsis yığıncağı keçiriləcək. Bütün sənədlər həm Azərbaycanın Ədliyyə Nazirliyinə, həm də Brüsselə göndəriləcək. Qurumun formalaşma prinsipləri barədə məlumat verən R.Nurullayev qeyd edib ki, təşkilatda prezident, baş katib, İdarə Heyəti, direktorlar şurası kimi institutlar formalaşdırılmalıdır. Azərbaycan nümayəndəliyinə R.Nurullayev rəhbərlik edəcək.

Xəbər lenti

Xəbər lenti