...

Azərbaycan ombudsmanı Rusiyada yaşayan azərbaycanlılara kütləvi təzyiq edilməsi və onların köçürülməsi haqqında şayiələrə inanmamağa çağırır

Siyasət Materials 8 Fevral 2007 13:15 (UTC +04:00)

Trend in xüsusi müxbiri xəbər verir ki, bu barədə Azərbaycan ombudsmanı Elmira Süleymanova Moskva səfərinin yekunu üzrə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun iştirakı ilə keçirilən mətbuat konfransında bildirib.

O həmçinin qeyd edib ki, onun Rusiyaya səfərinin məqsədi - Rusiya miqrasiya qanunvericiliyində qüvvəyə minmiş yeniliklərlə bağlı Azərbaycan vətəndaşlarının hüquqları sahəsində vəziyyətlə tanış olmaq, bütün şikayət və arzuları dinləmək, eləcə də bu mövzu üzrə Rusiyanın rəsmi şəxsləri ilə fəal danışıqlar aparmaqdır.

Azərbaycanın insan haqları üzrə müvəkkilinin sözlərinə görə, RF-nin insan haqları üzrə müvəkkili Vladimir Lukinlə, RF XİN Humanitar əməkdaşlıq və insan haqları üzrə Departamentin rəhbəri Oleq Malqinovla, Moskva BDİİ rəisi Vladimir Proninlə, eləcə də Federal miqrasiya xidmətinin direktoru Konstantin Romodanovski ilə olduqca səmərəli görüşlər keçirilib. Moskva BDİİ rəisi Vladimir Proninlə görüş zamanı E.Süleymanova bildirib ki, biz təcridxanalarda saxlanan vətəndaşların təhqir olunması və alçaldılması faktlarının olduğunu göstərdik. BDİİ başçısı bildirib ki, onlara belə faktların olduğu məlumdur və onlar bunu aradan qaldırmağa çalışırlar. O, həmçinin əməli tədbirlərin görülməsi üçün belə hallar haqqında xəbər verməyi təklif edib.

E.Süleymanova qeyd edib ki, Azərbaycanın ombudsman aparatı xaricdə yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının təmin olunması və qorunmasında maraqlıdır. Onun sözlərinə görə, Rusiyanın rəsmi şəxsləri bütün səviyyələrdə pozitivin olduğunu qeyd edib ki, Azərbaycan rəhbərliyi, eləcə də ölkəmizin Rusiyadakı səfirliyi bizim həmvətənlərimizin hüquqlarının müdafiəsinə bu qədər böyük maraq göstərirlər.

Rusiya paytaxtına səfərin yekunları haqqında danışan E.Süleymanova bildirib ki, Azərbaycan vətəndaşlarının şikayətlərini dinləmək və onların vəziyyəti ilə tanış olmaq məqsədilə xaricilərin müvəqqəti saxlandığı təcridxanalarda olub. O qeyd edib ki, Moskvada iki təcridxana var- 1 saylı kişilər və 2 saylı qadınlar üçün. "2 saylı təcridxanada Azərbaycan vətəndaşları yoxdur, birincidə isə 10 Azərbaycan vətəndaşı var, əvvəl 12 nəfər idi, iki vətəndaş isə elə bu yaxınlarda azad olunub, 10 nəfərdən biri xəstədir və cənab səfir onun Vətənə göndərilməsi təşəbbüsünü şəxsən öz üzərinə götürdü", - deyə Azərbaycan ombudsmanı qeyd edib.

O vurğulayıb ki, başqa dövlətlərin vətəndaşlarının vəziyyəti, eləcə də onların sayı Azərbaycan vətəndaşlarından xeyli çoxdur. Bizim səfirliyimiz sənədlərin bərpası üzrə çox müntəzəm işləyir. Onların indiyədək Azərbaycana göndərilməməsinin səbəbini isə Rusiyanın rəsmi şəxsləri Azərbaycan ombudsmanına aşağıdakı kimi izah etdilər: federal büdcədən hər bir adamın Vətənə göndərilməsi üçün 1000 dollar ayrılıb, iş burasındadır ki, bu pullar indiyədək FMX-in hesabına daxil olmayıb. FMX-də bizi inandırdılar ki, vəsait martın 10-dək daxil olacaq və problem həll olunacaq.

Bundan başqa, Elmira Süleymanovanın qeyd etdiyi kimi, yuxarıda sadalanan rəsmi şəxslərlə görüşlərdə bizim tərəfimizdən Rusiya tərəfinə təkliflər irəli sürülüb: Azərbaycan vətəndaşlarının leqallaşdırılmasına yardım etmək, Vətənə göndərilməmişdən əvvəl onlara öz işlərini başa çatdırmaq üçün vaxt vermək, hər konkret vəziyyətdə fərdi yanaşma göstərmək, səciyyəvi problemləri maksimal şəkildə nəzərə almaq, baza insan hüquqlarını - sərbəst yerdəyişmə, təhsil, səhiyyə və s. hüquqları pozmamaq. "Biz həmçinin qanunvericilikdə pərakəndə satışda xaricilərin əmək fəaliyyətinə aid hissəyə yenidən baxılmasının tərəfdarı olduğunu bildirdik. Bu ticarətlə məşğul olanlar arasında bizim həmyerlilərimiz başqalarından bir qədər çoxdur. Ümid edirik ki, bizim təkliflərə diqqət və anlayışla yanaşacaqlar", - deyə E.Süleymanova vurğulayıb.

"Rusiyanın bütün bazarlarında azərbaycanlıların kütləviliyi haqqında məlumatlar çox şişirdilib. Rusiya bazarlarında ticarət edən xaricilərin 60%-ni çinlilər təşkil edir, ikinci yerdə - 5,1 %-lə ukraynalılardır. Azərbaycan vətəndaşları isə 4,8%-lə üçüncü yeri tuturlar. Mən həmçinin Azərbaycan vətəndaşlarına kütləvi təzyiq və onların Rusiyadan köçürülməsi haqqında şayiələrə tamamilə inanmamağa çağırıram. Rusiya qanunları azərbaycanlılara və başqa xaricilərə qarşı yönəlməyib, Rusiya sadəcə olaraq miqrasiya sahəsində nizam-intizam yaradır. Unutmaq olmaz ki, Rusiyanın özündə miqrantlara kəskin tələbat var", - deyə Elmira Süleymanova vurğulayıb.

Səfir Polad Bülbüloğlu qeyd edib ki, yeni miqrasiya qaydalarının tətbiq olunmasından hələ çox az vaxt keçib və hələ hər hansı nəticələrdən danışmaq tezdir. Onun sözlərinə görə, FMX başçısı K.Romodanovski məsləhətləşmələr zamanı izah edib ki, hazırda yeni qanunun necə işlədiyi öyrənilir və Rusiya miqrasiya xidməti təhlil üçün özü mənfi faktlar toplayır ki, bu mexanizmin necə işləyəcəyinə baxsın. FMX başçısı vətəndaşlarımızın qarşılaşdığı bütün neqativ faktlar haqqında məlumat verməyi təklif edib.

Polad Bülbüloğlu həmyerlilərimizi bir daha ayıq olmağa və ölkədə normal və qanuni şəkildə yaşamaq üçün bütün lazımi miqrasiya qaydalarına riayət etməyə çağırıb. "Ajiotaj və çaxnaşma yaratmaq lazım deyil, bunun üçün əsas yoxdur. Bu proseslər özbaşına baş vermir, qanunun fəaliyyətini təhlil edən Rusiya dövləti tərəfindən nəzarət olunur. Prezident İ.Əliyev başda olmaqla, dövlətimiz, eləcə də yaradılmış dövlət komissiyası və səfirlik bu məsələni diqqət mərkəzində saxlayır və bütün lazımi tədbirləri görür. Lakin vətəndaşlarımız öz sənədlərinə qarşı çox diqqətli olmalıdırlar, çünki qanun yenidir və yenicə qüvvəyə minib. Bir neçə vaxt ehtiyatlı və səliqəli olmaq, hər hansı problemin yarandığı vaxt isə səfirliyə, ölkəmizin RF-dəki konsulluğuna müraciət etmək lazımdır", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti