...

ADP-çilər Rəsul Quliyevin Sərdar Cəlaloğlunu vəzifəsindən azad etməsi barədə sərəncamını qəbul etmirlər

Siyasət Materials 12 Fevral 2007 12:53 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyasının (ADP) üzvləri partiyanın sədri Rəsul Quliyevin birinci müavin Sərdar Cəlaloğlunu vəzifəsindən azad etməsi barədə sərəncamını qəbul etmir və etimadsızlıq göstərirlər. Bu barədə Trend ə ADP-nin mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov məlumat verib.

O bildirib ki, R.Quliyev həqiqətən də S.Cəlaloğlunu vəzifəsindən azad etməsi barədə sərəncam imzalayıb. Lakin onun sözlərinə görə, bu sərəncam əsassızdır və hüquqi qüvvəsi yoxdur: "Çünki Nizamnamənin tələbinə görə, qurultay çağırıldığı üçün yanvarın 27-dən ADP-nin bütün seçkili orqanları buraxılıb, qurultay çağırıldığı üçün partiyanın sədrinin, bütün ali orqanlarının səlahiyyətləri Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinə verilib. Sədrin belə sərəncam verməsi isə Nizamnaməyə ziddir, hazırda onun belə bir hüquqi yoxdur. Sadəcə olaraq özünü rəsulçu kimi göstərənlər, siyasi səhnədə qalmağa çalışan, şəxsiyyətə pərəstişlə məşğul olan insanlar Rəsul Quliyevə yanlış izahatlar veriblər və o da təsir altına düşərək belə sərəncam verib" - deyə N.ismayılov qeyd edib.

O əlavə edib ki, ADP- nin təşkilat komitəsi bu gün R.Quliyevin sərəncamını qüvvədən salacaq və Ali Məclisin sədri olmuş Akif Şahbazovun partiya məsuliyyəti məsələsinə baxacaq. Qeyd edək ki, ADP Ali Məclisinin partiyanın hakimiyyətlə siyasi dialoqa getməsi barədə 27 yanvar tarixli qərarına R.Quliyev etimadsızlıq göstərib. N.İsmayılov isə deyib ki, bu qərar Ali Məclisin 80 üzvündən 60-ı tərəfindən imzalanıb və bu gün həmin 60 nəfər birgə bəyanat verərək qərarlarının üstündə durduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti