...

YAP icra katibi Əli Əhmədov: "YAP icra katibinin müavini Siyavuş Novruzovla ADP təmsilçisi Yaqub Abbasov arasında heç bir görüş olmayıb"

Siyasət Materials 13 Fevral 2007 19:16 (UTC +04:00)
YAP icra katibi Əli Əhmədov:  "YAP icra katibinin müavini Siyavuş Novruzovla ADP təmsilçisi  Yaqub Abbasov arasında heç bir görüş olmayıb"

"Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovla Azərbaycan Demokrat Partiyasının təmsilçisi Yaqub Abbasov arasında heç bir görüş olmayıb." Bu sözləri Trend ə eksklüziv açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, bu o demək deyil ki, onlar heç bir partiyanın nümayəndəsi ilə görüşmək niyyətində belə deyillər.

"Mən sadəcə olaraq faktı açıqlayıram, Ola bilsin ki, Yaqub Abbasov Sərdar Cəlaloğluna deyib ki, Siyavuş Novruzovla görüşüb. Mən bu məlumatın təfsilatı haqqında heç nə deyə bilmərəm. Mənə məlum deyil ki, bu informasiyanı Sərdar Cəlaloğlu haradan alıb. Amma belə bir görüş olmayıb və hər hansı bir danışıq aparılmayıb", -deyə Əli Əhmədov vurğulayıb.

YAP icra katibi qeyd edib ki, əgər proseslər normal gedərdisə, ADP-nin daxilində məlum hadisələr baş verməzdisə və iqtidarla dialoq tərəfdarları güclü çıxardılarsa, Yeni Azərbaycan Partiyası bu məsələyə adekvat reaksiya verərdi: "Biz əvvəlki mövqeyimizdə qalırıq və dialoq mühütinin inkişaf etdirilməsi üçün addımlar atmağa hazırıq. İstədiyimiz ondan ibarətdir ki, ADP bu təşəbbüsünə müxalifət düşərgəsində münasibəti tamamilə aydınlaşdırsın. Bu aydınlaşma yaranandan sonra bir sıra məsələlərə də şəffaflıq gətirmək mümkün olacaq."

Ə.Əhmədov deyib ki, ADP-nin konsturuktiv mövqeyə keçmək haqda səsləndirdiyi bəyanat təqdirə layiqdir.

"Biz istəyirik ki, bu mövqe müxalifət düşərgəsində güclü çıxsın və onun tərəfdarları çoxalsın", -deyə YAP icra katibi əlavə edib.

Xatırladaq ki, müxalifətyönlü Azərbaycan Demokrat Partiyasının Ali Məclisi yanvarın 27-də təşkilatın siyasi xəttini dəyişmək və radikallıqdan imtina edərək iqtidarla dialoqa getmək haqqında qərar qəbul edib. ADP sədrinin birinci müavini Sərdar Səlaloğlu ötən gün bildirib ki, onların təmsilçisi Yaqub Abbasov bir neçə gün əvvəl YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovla görüşüb.

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildir ki, hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti