...

"Müsavat Partiyasının ikinci dəfə eyni ünvanda aksiya keçirmək üçün müraciəti göstərir ki, o, Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə razıdır"-İcra Hakimiyyətinin rəsmisi

Siyasət Materials 14 Fevral 2007 18:25 (UTC +04:00)

Müsavat Partiyasının fevralın 18-də keçirəcəyi yürüş-mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciətinə fevralın 15-də cavab veriləcək. Bu barədə Trend ə Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib.

O bildirib ki, hazırda Müsavat Partiyasının iki müraciətinə - 18 fevralda metronun "Həzi Aslanov" stansiyası yaxınlığından yürüşlə başlayaraq Ukrayna meydanında mitinq və həmçinin paytaxtın mərkəzi meydanlarında kütləvi tədbirlərin keçirilməsi ilə bağlı müraciətinə baxılır.

Z.Ramazanov qeyd edib ki, mahiyyət etibarilə eyni olmasına baxmayaraq, bunlar ayrı-ayrı məsələlərdir. Ona görə də əvvəl birinə, sonra digərinə cavab verilə bilər: "Bakı Şəhər İcra Hakimiyyəti "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərini rəhbər tutaraq Bakı şəhəri ərazisində kütləvi aksiyalar üçün müvafiq yerlər ayırıb. Müsavat Partiyası həmin yerlərdən birində aksiya keçirməyə razılıq verib. Aldığımız məlumatlara görə, Müsavat Partiyası orada sərbəst şəkildə, ictimai asayiş pozulmadan öz tədbirini keçirib və heç bir problem də olmayıb. İkinci dəfə də həmin ünvanda aksiya keçirmək üçün müraciət etməsi onu göstərir ki, Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə razıdır. Bakı Şəhər İcra Hakimiyyəti isə ictimai asayişin təmin edilməsilə bağlı vəzifəsini yerinə yetirir".

Z.Ramazanov əlavə edib ki, müxalifət partiyalarının iddia etdiyi kimi, heç də qanunda Bakının hər bir rayonunda kütləvi aksiyaların keçirilə biləcəyi yazılmayıb.

Xəbər lenti

Xəbər lenti