...

AXCP Müsavatı hakimiyyətə qarşı mitinqləri gözdən salmaqda ittiham edir

Siyasət Materials 19 Fevral 2007 20:09 (UTC +04:00)

"Müsavat Partiyasının fevralın 18-də Ukrayna meydanında keçirdiyi mitinq bundan əvvəlki aksiya kimi azsaylı olduğuna görə, hakimiyyətə qarşı mübarizədə mitinqlərin gözdən salınmasına səbəb olur". Trend in məlumatına görə, bu fikirlər "Azadlıq" blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yaydığı bəyanatdandır.

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı bildirib ki, Müsavatın keçirdiyi mitinq cəmiyyətin narazılığını ifadə etməkdən daha çox, hakimiyyətin əlinə müxalifətin gücsüzlüyü barədə təbliğat aparmağa əsas verib: "Reallıq ondan ibarətdir ki, Müsavatın sosial tələblərlə bağlı keçirdiyi mitinqə insanların gəlməməsinin səbəbi əhalinin bu partiyaya olan inamsızlığı ilə əlaqədardır: Çünki bu partiya özünü müxalifət düşərgəsində olduğunu iddia etsə də, əslində hər kəsə aydındır ki, bu cür mitinqlərlə Müsavat heç də cəmiyyətin narazılığını ifadə etmək missiyasını həyata keçirmir. Çünki Müsavat bu mitinqləri Ukrayna meydanında keçirməklə guya Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin olunduğunu sübuta yetirmək üçün əsas yaradır".

AXCP funksioneri onu da deyib ki, nə qədər Müsavat Partiyası hakimiyyətə qarşı müxalifətçilik etməkdən daha çox bütün təbliğati imkanları və resurslarını "Azadlıq" blokuna qarşı mübarizəyə sərf edir, o zamana qədər bu partiyanın çağırışları cəmiyyətdə səmimi qəbul edilməyəcək.

Xəbər lenti

Xəbər lenti