...

AŞPA həmməruzəçisi Toni Lloyd: Martın 28-də Monitorinq komitəsi Azərbaycan üzrə məruzənin son variantını qəbul edəcək

Siyasət Materials 27 Fevral 2007 15:59 (UTC +04:00)
AŞPA həmməruzəçisi Toni Lloyd: Martın 28-də Monitorinq komitəsi Azərbaycan üzrə məruzənin son variantını qəbul edəcək

Azərbaycan, Bakı / Trend müxbir A.Qasımova/ Trend in AŞPA Monitorinq qrupunun həmməruzəçisi Toni Lloyd ilə eksklüziv müsahibəsi

- AŞPA sessiyasında baxılacaq Azərbaycan üzrə məruzə üzərində iş hansı mərhələdədir? Ora hansı əsas bəndlər daxil ediləcək?

- Bizim məruzəmiz AŞPA-nın yaz sessiyası zamanı (2007-ci il aprelin 16-20-də) müzakirə olunacaq. Hazırda A.Herkellə birgə hazırlanmış məruzənin ilkin qaralama variantı AŞPA-da Azərbaycan parlamentinin nümayəndə heyətinin əlindədir. Onlar fevralın sonunadək buna dair öz şərhlərini verməlidirlər. Bundan sonra biz məruzəyə yenidən baxacağıq və 28 mart 2007-ci il tarixində Monitorinq komitəsi qaralama qətnamə də daxil olmaqla, məruzənin son variantını qəbul və dərc edəcək.

Bizim məruzəmizə Azərbaycanın öz üzərinə götürdüyü müxtəlif öhdəliklər daxildir. Onlara söz azadlığı, mətbuatın plüralizmi, Seçki Məcəlləsinə yenidən baxılması, sərbəst toplaşmaq azadlığı, məhkəmə sistemi və vəkillər kollegiyasının islahatları, məhbusların saxlanma şəraiti və onlarla pis rəftar etmə ilə bağlı fərziyyələr, korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, eləcə də siyasi məhbuslar haqqında məsələnin aydınlaşdırılması, o cümlədən İşçi Qrupunun hökumət orqanlarının nümayəndələri və Azərbaycanın insan haqları ilə məşğul olan QHT-lərinin tərkibində etdikləri tərəqqi aiddir.

- Məruzənin AŞPA sessiyasında müzakirə olunmasına qədər Sizin Azərbaycana səfər edəcəyiniz gözlənilirmi?

- Mən bunu çox istərdim, lakin hazırda vaxtım çox azdır, biz yuxarıdan şərh alan kimi, məruzəmizi tamamlamalı və onu martın 20-dən gec olmayaraq həmkarlarımıza təqdim etməliyik.

Mən ümid edirəm ki, AŞPA məruzəni müzakirə etdikdən sonra Andreas Herkel ilə birgə may və ya iyun ayında AŞPA məruzəsini lazımi şəkildə müzakirə etmək üçün Azərbaycana səfər edə biləcəyəm.

- Son vaxtlar bir çox müstəqil ekspertlər Azərbaycan mediası ilə bağlı vəziyyətdə tənqidin azaldığını qeyd edirlər. Siz məruzənizdə öz əksini tapa biləcək Azərbaycan KİV-in cari vəziyyətini necə qiymətləndirirsiniz?

- Bizim məruzəmizdə mətbuat azadlığı və jurnalistikanın vəziyyətinə həsr olunmuş tam bir fəsil var. İndi mən sizə deyə bilərəm ki, bir neçə ay ərzində bu məsələni şəxsən araşdırmağa başladığım vaxtdan ANS-lə bağlı məsələnin indiyədək qəti şəkildə aydınlaşdırılmadığından çox məyus oluram. Ötən ay şirkət bağlandıqdan sonra təkrar yayım dekabr ayında bərpa olundu, buna görə prezident İ.Əliyevə müdaxilə etdiyinə görə minnətdaram və mən bu addımı birinci dəstəkləyənlər sırasındayam. Halbuki bu, DTRŞ-in elan etdiyi tenderin nəticələrinə görə öz həllini gözləyən müvəqqəti tədbirdir. Mən ANS-in tenderdə iştirak etmək üçün ərizə verən yeganə şirkət olduğunu biləndə, düşündüm ki, biz artıq ehtimal olunan sona yaxınıq.

Ona görə də siz indi anlayırsınız ki, əvvəlki tenderdə ANS-dən başqa heç kimin iştirak etmədiyi halda, ikinci tenderin elan olunduğunu (fevralın 20-dən martın 20-dək) eşidəndə mən necə məyus oldum. Doğrudanmı televiziya və radioyayım haqqında qanun iştirakçıların minimal sayını tələb edir? Mən başa düşürəm ki, bu iş deyil və tender elan olunarkən belə şərtin olduğu barədə anons olunmamışdı. Qanunun təfsilatlı təhlilinə müdaxilə etmək mənim işim deyil. Mən yalnız təsdiq edə bilərəm ki, Azərbaycan Pan-Avropa təşkilatına qoşulanda ölkə mətbuat azadlığını məhdudlaşdıran inzibati üsulların tətbiqini istisna etməyi öhdəsinə götürmüşdü. Mən ümid edirəm ki, ANS-in taleyi ilə bağlı qeyri-müəyyənlik tezliklə sona çatacaq...

- Hesabata həmçinin məhkəmə islahatları ilə bağlı məsələ də daxil edilib. Siz bu islahatları necə görürsünüz?

- Mən inanıram ki, bu yaxınlarda Avropa Şurası ilə birgə məhkəmələr üçün təşkil olunmuş imtahanlar uğurla keçib və ümid edirəm ki, yeni hakimlər tezliklə işə başlayacaqlar. Düşünürəm ki, analoji imtahanlar hüquqşünaslar üçün də keçirilməlidir. Və çox vacib məsələdir ki, məhkəmə sahəsindəki islahatlar tam şəkildə təcrübədə tətbiq olunurlar.

- Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun və "Seçki Məcəlləsi"nin təkmilləşdirilməsi sizin hesabatınızda vacib şərt kimi qoyulurmu?

- Seçki Məcəlləsinin, xüsusilə də bütün səviyyələrdə seçki komissiyalarına, eləcə də sərbəst toplaşmaq azadlığına aid olan məsələnin Venesiya komissiya ilə birgə təkmilləşdirilməsi zərurəti AŞPA-nın ötən ilin iyun ayında qəbul etdiyi 1506 (2006) qətnaməsində etdiyi ən vacib tövsiyyələrdən biri olub. Mən iki qanunun təkmilləşdirilməsində bu cür əməkdaşlığı salamlayıram və ümid edirəm ki, son məruzəmizdə biz yaxşılaşmanın olduğunu qeyd edə biləcəyik.

Xəbər lenti

Xəbər lenti