...

Milli Məclis Azərbaycanın filiz yataqlarının işlənməsinə dair sazişi təsdiq edəcək

Siyasət Materials 1 İyun 2007 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının cümə günü keçirilən iclasında "Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan hökuməti ilə "Londeks Resorsiz S.A.", "Uill ənd Meyris S.A.", "Farqeyt Mayninq Korporeyşn", "Qlobeks İnternəşnl LLP" və "Mitsui Mineral Development Encenirinq Ko.Ltd" arasında imzalanan sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsi müzakirə olunub.

Milli Məclisin sədr müavini, adıçəkilən komissiyanın sədri Valeh Ələsgərov bildirib ki, bu saziş 30 il qüvvədə olacaq. Hər mədən yatağı üçün proqramda nəzərdə tutulan işlər 48 ay müddətində yerinə yetirilməlidir. Əlavə kəşfiyyat işlərinə ehtiyac olarsa, hər mədən yatağı üçün 16 ay əlavə müddət təyin oluna bilər. Podratçı tərəflərin bu saziş üzrə sərmayə öhdəlikləri belə təsdiq edilir: Londeks 45 faiz, Uill ənd Meyris 29 faiz, Farqeyt 15 faiz, Qlobeks 11 faiz.

Sazişin qüvvəyə mindiyi tarixdən etibarən işçi qüvvəsinin tərkibi mütəxəssislər üzrə azı 45 faiz, qeyri-mütəxəssislər üzrə azı 80 faiz Azərbaycan vətəndaşlarından ibarət olacaq, bu faizlər növbəti mərhələlərdə daha da artırılacaq.

Sonra Azərbaycan və Moldova hökumətləri arasında geodeziya, kartoqrafiya, kadastr, yerquruluşu, geoinformasiya sistemləri və Yerin məsafədən tədqiq edilməsi sahəsində əməkdaşlığa dair sazişin təsdiqi məsələsi müzakirə olunub. Komissiya sədri bildirib ki, beş il müddətinə bağlanan bu saziş tərəflərin sosial və iqtisadi inkişafı üçün şərait yaradacaq. Sənədə görə, əməkdaşlıq birgə proqram və layihələrin hazırlanıb həyata keçirilməsi, geodeziya, kartoqrafiya, kadastr, yerquruluşu, geoinformasiya sistemləri və Yerin məsafədən zondlanması sahəsində məsafədən təlimin təşkil edilməsi, müvafiq qanunvericilik və hüquqi aktların, habelə məlumatların mübadiləsi və s. formalarda həyata keçiriləcək.

Sonda hər iki sazişin Milli Məclis tərəfindən ratifikasiyası məqsədəuyğun sayılıb və qanun layihələrinin parlamentə təqdim olunması qərara alınıb.

Hər iki saziş parlamentin iyunun beşində keçiriləcək iclasında müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti