...

Azərbaycan prezidenti ABŞ ticarət nazirinin müavinini qəbul edib

Siyasət Materials 4 İyun 2007 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Prezident sarayında ABŞ ticarət nazirinin müavini David Sampsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycan-ABŞ münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, bu səfərin iki ölkə arasında, xüsusilə iqtisadi sahədə, əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib. Əliyev hazırda Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektoruna böyük diqqət yetirildiyini vurğulayaraq, əsasən informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat sahələrinin inkişafı üçün bir çox layihələrin həyata keçirildiyini deyib.

Sampson qeyd edib ki, ölkəsi Azərbaycanın ABŞ-la dostluğunu və ABŞ-ın terrorizmlə mübarizədə səylərinə, habelə İraq, Əfqanıstan və Kosovoda həyata keçirilən əməliyyatlara göstərdiyi dəstəyi çox yüksək qiymətləndirir: "Bizim münasibətlərimiz çox önəmli strateji xarakter daşıyır. Ümid edirəm, bu səfərimlə ABŞ-ın biznes dairələrinə belə bir mesaj göndəriləcək ki, biz Azərbaycanla iqtisadiyyat və ticarət əlaqələrini dərinləşdirmək və gücləndirməyin tərəfdarıyıq".

Səfəri zamanı Bakıda ABŞ Ticarət Palatasının nümayəndələri ilə görüş keçirdiyini deyən Sampson ABŞ şirkətlərində Azərbaycanın potensialı ilə bağlı böyük nikbinliyin və burada fəaliyyət göstərməyə geniş marağın mövcudluğunu qeyd edərək, bunun dost və müttəfiq ölkələrin əməkdaşlığı üçün çox vacib amil olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti