...

İsa Qəmbər: "AŞPA rəhbəri Azərbaycanda demokratik prosesləri dəstəklədiyini dedi"

Siyasət Materials 9 İyul 2007 11:56 (UTC +04:00)
İsa Qəmbər: "AŞPA rəhbəri Azərbaycanda demokratik prosesləri dəstəklədiyini dedi"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/Avropa Şurası Parlament Assambleyasının sədri Rene van der Linden Azərbaycan müxalifətini təmsil edən siyasi qüvvələrə demokratiyanın inkişafında öz dəstəyini nümayiş etdirib. Bu barədə Müsavat Partiyasının başqanı İsa Qəmbər məlumat verib.

Qeyd edək ki, Azərbaycanda səfərdə olan AŞPA sədri Linden siyasi partiya rəhbərləri ilə görüş keçirib. Görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət iştirak ediblər.

Görüş barədə məlumat verən Qəmbər bildirib ki, AŞPA rəhbəri ilə əsasən Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirməsi səviyyəsi barədə müzakirə aparıblar. Onun sözlərinə görə, müxalifət liderləri Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri lazımi səviyyədə yerinə yetirmədiyini deyiblər. Ölkədə vətəndaşların sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması, söz azadlığına, jurnalistlərə qarşı təzyiqlər, seçki sistemində müxalifəti qane etməyən məqamlar və digər problemləri Lindenin diqqətinə çatdırıblar.

Qəmbərin sözlərinə görə, AŞPA rəhbəri Azərbaycanda demokratik prosesləri dəstəklədiyini deyib. "Digər iki müxalifət lideri və mən Azərbaycandakı mövcud vəziyyəti olduğu kimi AŞPA rəhbərinin diqqətinə çatdırdıq. Linden bizimlə eyni mövqedə olduqlarını dedi" - deyə Qəmbər bildirib.

Lindenlə görüşə dəvət edilməyən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu məsələyə münasibətini bildirərkən deyib ki, bu, siyasi partiyalarla nəzakət xarakterli görüş olub. Əsas işçi görüşlər isə "Aqo" Monitorinq Qrupu ilə olub və orada özü iştirak edib. Cəlaloğlu AŞPA rəhbərinin Azərbaycana səfərindən və keçirdiyi çoxsaylı görüşlərdən sonra ölkədə vəziyyətin müsbət istiqamətə dəyişəcəyinə inanmır: "Beynəlxalq təşkilatların Azərbaycanda demokratiyanın möhkəmlənməsi üçün atdıqları praktiki addımlar ölkədəki mövcud duruma adekvat deyil" - deyə ADP sədri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti