...

Rusiyalı politoloq: "Türkiyə baş nazirinin ideoloji proqramına türk cəmiyyətində tələbat var"

Siyasət Materials 27 İyul 2007 11:06 (UTC +04:00)
Rusiyalı politoloq: "Türkiyə baş nazirinin ideoloji proqramına türk cəmiyyətində tələbat var"

Rusiya, Moskva /müx. Trend R.Ağayev/ Türkiyənin hazırkı baş naziri Rəcəb Tayyib Ərdoğanın ideoloji proqramına türk cəmiyyətində tələbat var. "Ərdoğan islam demokratıdır. Əgər Avropa dilinə tərcümə etsək, Almaniyadakı XDİ və XSİ müəyyən mənada onun partiyasının analoqudur. Bu demokratlardır, onlar ümuminsani dəyərlərdən başqa dini dəyərlər və ruhani mühafizəkarlıq barədə danışırlar. Göründüyü kimi, məhz ideoloji proqrama türk cəmiyyətində ehtiyac duyulur" - deyə Rusiyanın "Smısl" ictimai-siyasi dərgisinin baş redaktor müavini, politoloq Orxan Camal Türkiyədəki seçkilərin nəticələrini şərh edərkən söyləyib.

Səsvermənin yekunlarına əsasən, Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində seçicilərin 85 faizi məhz hazırkı baş nazir Tayyib Rəcəb Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasına səs verib və nəticədə bu partiya 550 nəfərlik parlamentdə 331 yer qazanıb.

Ərdoğan bəyan edib ki, rəhbərlik etdiyi hökumət ölkəsinin Avropa Birliyinə qəbuluna doğru və islahatlar istiqamətində başlanan kursu davam etdirəcək.

Cümə axşamı Trend ə müsahibəsində Camal deyib ki, Ərdoğanın partiyasının yolunda duran maneə həmişə o idi ki, rəqibləri onu islamçılıqda günahlandırırdılar. "Bu məsələdə Ərdoğanın rəqibləri qismində kimin çıxış etdiyini aydınlaşdırmaq lazımdır. O qalib gəldi və bu onu sübut edir ki, cəmiyyət onunla və partiyası ilə bir yerdədir. Ərdoğanın rəqibləri həmişə paradoksal birliklər olub. Bunlar qərbmeylli liberallar, həmişə amerikayönümlü mövqeli türk hərbçiləridir. Üstəlik, nə qədər təəccüblü görünsə də, Ərdoğana qarşı qırmızılar, yəni marksistlər çıxış edirdilər. Bax belə qeyri-adi, təəccüb doğuran bir qarışıq daim Ərdoğanı islamçılıqda günahlandırırdı" - deyə o vurğulayıb.

Politoloqun sözlərinə görə, bütün bunlara baxmayaraq, Ərdoğan ardı-ardınca qalib gəlir və xalq ona etibar edir. "Başa düşmək lazımdır ki, demokratiya təkcə azlıqların mövqeyini nəzərə almaqdan ibarət deyil. Demokratiya çoxluğun istəyini eşitməkdir. Axı bu halda islamçılığın təhlükəsi barədə danışanlar "yalnız bizi dinləyin, vəssalam" deyən Qərbdəki seksual azlıqlara bənzər odioz qruplar kimi çıxış edirlər. Odur ki, islamçılıq, onu təsvir etməyə cəhd olunan mənada Türkiyəyə təhlükə törətmir" - deyə politoloq fikrini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti