...

İzzət Bağırov: "Kişi sənətçilərinin özləri sponsor olmalıdır"

Cəmiyyət Materials 3 Oktyabr 2007 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı 3 oktyabr /müx. TrendLife Şahin Cavadsoy/

Müğənni İzzət Bağırovun həmişə qalmaqallardan kənar olmağa çalışır . Ağır təbiəti, özünəməxsus səs imkanlarıyla fərqlənən İzzətin fikrincə, kimliyindən asılı olmayaraq, hər kəsin ruzusunu Allah verir: "Bu günlərdə Ramazanın ən mübarək günlərini yaşayırıq. İstəyirəm ki, sənət dostlarım da bu əziz günlərdə düşmənçiliyi, yersiz-lazımsız qalmaqalları bir kənara qoyub, mehriban ab-havada öz işləriylə məşğul olsunlar". TrendLife-a ürəyini boşaldan sənətçi, başıbəlalı "Səhra yağışı" filmindən də danışdı : "İnanın, bütün işlərin öhdəsindən özüm təkbaşına gəlirəm. Bilməyənlərə deyim ki, baş qəhrəman kimi rol aldığım filmi rejissor Ağəli Əliyev ekranlaşdırırdı. Amma onun qəfil ölümü bütün işləri yarımçıq qoydu. İndi isə yaxın dostum - rejissor Faiq Kərəmoğlu, çox hissəsi çəkilən filmin son tamamlanma işləri ilə məşğuldur. Sağ olsun, bütün işlərin öhdəsindən adına layiq şəkildə gəlməyə çalışır. Tamaşaçılar narahat olmasın, aktyor heyətində heç bir dəyişiklik olmayacaq".

Bacardığı qədər qalmaqallardan uzaq qaçdığını vurğulayan İ.Bağırov, filminin təqdimatının dəqiq vaxtını söyləməsə də, açıqlamasını gündəmin ən çox danışılan "sponsor" məsələsi ilə yekunlaşdırdı: "Ən çox qadın müğənnilərimiz sponsor tapmağa nail olurlar. Açığı, heç düşünmürəm də, kimsə mənə sponsorluq etsin. Çünki, sənətə gəldiyim ilk gündən pul qazanmağın yollarını özüm axtarıb tapmışam. Bir də ki, kişi sənətçilərin özləri sponsor olmalıdır. Məsələn, mən İzzət Bağırov kimi".

Xəbər lenti

Xəbər lenti