...

Daha üç jurnalist aclığa başlayacaq

Cəmiyyət Materials 3 Aprel 2008 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda mətbuat nümayəndələrinin həbsinə etiraz olaraq keçirilən aclıq aksiyasına daha üç nəfər jurnalist qatılacaq. Bu barədə cümə axşamı Trend a açıqlamasında aclıq aksiyasının iştirakçısı olan "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu məlumat verib.

12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan"qəzetlərinin baş redaktoru Eynulla Fətullayev martın 26-dan həbsdə aclığa başlayıb. Baş redaktor işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa çıxmasını tələb edir, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir. Fətullayevə dəstək məqsədilə, səkkiz gündür ki, "Yeni Müsavat" qəzetinin redaksiyasında "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, qəzetin redaktoru Zahid Səfəroğlu və əməkdaşları Elşən Balaxanlı, Zamin Hacı, millət vəkili Pənah Hüseyn, AXCP Sədrinin müavini Fuad Mustafayev, ALP sədr əvəzi Əvəz Temirxan və başqaları açılıq aksiyası keçirirlər.

Şef-redaktor bildirib ki, "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev, "Gündəlik Azərbaycan" qəzetinin əməkdaşları Üzeyir Cəfərov və Çingiz Sultansoy aprelin 4-dən aclığa başlayacaqlar.

Aksiyada iştirak etmiş "Yeni Müsavat" qəzetinin redaktoru Zahid Səfəroğlu, qəzetin əməkdaşları Elşən Balaxanlı və Zamin Hacı səhhətlərində yaranan ciddi problemlərə və həyatları üçün təhlükə yarandığına görə, cümə axşamı aclıq aksiyasını dayandırıblar.

Qeyri-rəsmi məlumatlara görə, həbsdə olan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, qəzetin əməkdaşı Mirzə Sakit, sabiq səhiyyə naziri Əli İnsanov, Avropa Şurasının siyasi məhbus kimi tanıdığı Ruslan Bəşirli, Rasim Əkbərov, Müşfiq Mədətov da aclıq aksiyası keçirirlər.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən isə, həmin şəxslərin aclıq keçirməsi ilə bağlı xəbər təsdiqlənməyib.

Onun sözlərinə görə, Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin 14 nəfər üzvü bir günlük aclıq aksiyasına başlayıblar.

Fətullayev Cinayət Məcələsinin terororçuluqla hədələmə (214.1-ci), qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması (283.2.2-ci) və vergidən yayınma(213.2.2) maddələri ilə təqsirli bilinərək, məhkəmənin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti