...

Mənə elə bir xanım göstərin ki, qızılı sevməsin - Xalq artisti İlhamə Quliyeva

Cəmiyyət Materials 19 Aprel 2008 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /müx. TrendLife Safura /

İnsanlar hələ qədim zamanlardan qızıla böyük həvəs göstəriblər. Bu qiymətli əlvan metalın dəyəri günü-gündən artmaqdadır. Lakin qiymət artımına fikir vermədən ona tələbat həmişə var. Xüsusi ilə Azərbaycan xanımları qızıl həvəskarıdırlar. Əvvəllər qızıldan hazırlanmış zinət əşyalarını el şənliklərinə, qonaqlıqlara taxırdılarsa, bu gün artıq bu zinətlər gündəlik aksesuarlara çevrilib. Müğənnilərimiz arasında da qızıl həvəskarları az deyil. Dəyərli zinət əşyalarını bir-birinin bəhsinə taxaraq, nümayiş etdirən xanım sənətçilərimiz ilə yanaşı, kişi müğənnilərimizin də qızıla həvəsi artıb. Müğənnilərimiz arasında apardığımız sorğu nəticəsində - Qızıl xanımlara yaraşır, hər bir xanım mütləq zinət əşyası taxmalıdır- fikri ilə şərik olan və əksinə, bunu şöhrətpərəstlik ilə əlaqələndirənlərə də rast gəldik.

Qızıla böyük həvəsi olduğunu deyən, öz zinət əşyalarını nümayiş etdirməkdən çəkinməyən, əksinə, zinətlərin ona əlavə yaraşıq verdiyini söyləyən Xalq artisti İlhamə Quliyevanın maraqlı açıqlamaları oldu:

"Mən elə bir qadın tanımıram ki. qızıl zinət əşyası taxmağı sevməsin. Hamı qiymətli qızılı sevir. İnanın, kim deyirsə ki, mən qızıl taxmağı sevmirəm, deməli o, insanın taxmalı qızılı yoxdur. Pişiyin ağzı ətə çatmayanda deyir iy verir. Hətta kimə qızıl əşyası hədiyyə edirsənsə, o insanın da gözləri gülür. Bu qiymətli əşya çox böyük qüdrətə malikdir. Mən qızıl zinət əşyalarını çox sevirəm. Hər dəfə hər hansı geyimimə uyğun zinət əşyası taxıram. Bu mənim yüksək zövqümdən, xanımlığımdın xəbər verir. Xanımlar gərək özlərinə hörmət etsinlər. Qızıl əşyalar qızıl qədər qiymətli olan xanımlar üçündür".

Xalq artisti Mələkxanım Əyyubova da zinət əşyalarını dəyərləndirdiyini və gündəlik həyatda onları həvəslə taxdığını bildirdi: "Mənim gündəlik həyatım elə sənətim ilə bağlıdır. Mən hara gedirəmsə Mələkxanım Əyyubova kimi gedirəm. İstər konsertə, istər qohum məclisinə. Hər zaman da geyimlərimə uyğun qızıl zinət əşyaları taxıram. Dəyərli, qiymətli zinət əşyaları. Amma üst-üstə, uyğunluq oldu-olmadı taxılan qızıllar mənə çatmır. Nə edirsənsə gərək zövq ilə edəsən. Az tax, amma dəyərli, yerində tax. Qaraçılardan çox qızılı olan yoxdur. Biz sənətkarlar da qızılı onlar kimi taxsaq, bizim onlardan nə fərqimiz".

Əməkdar artist Tünzalə Ağayeva isə zinət əşyalarını gündəlik həyatda taxmağın yersiz olduğunu söylədi: "Bir xanım kimi əlbəttə mənim də zinət əşyalarım var. Amma mən onları hamıya nümayiş etdirməyi xoşlamıram. Düşünürəm ki. sənətçinin sənəti onun zinət əşyalarının nümayişindən daha önəmli olmalıdır. Tamaşaçı mənim sənətimə qiymət verməlidir. Taxdığım zinət əşyalarına yox. Mən zinət əşyaları taxan xanımlara normal baxsam da, özümü onlarda rahat hiss etmirəm.

Müğənni Lalə Məmmədova da qızıl əşyalarının olduğunu, lakin onları yalnız həyat yoldaşı ilə birgə ziyarət etdiyi məclislərə tapxdığını bildirdi: "Mənim qızıl zinət əşyalarım kifayət qədərdir. Lakin mən onları göstərməyi xoşlamıram. Yeri gələndə ara-sıra taxıram. Amma səhnəyə çıxdığım zaman geyimlərimə uyğun büjüteriyaladan istifadə edirəm. Tez-tez qastrol səfərlərində oluram, bir də görürsən bir el şənliyindən çıxıb başqasına getmək məcburiyyətində qalıram. Siz deyin mən çoxlu qızıl əşya taxsam, özümü nə qədər rahat və sərbəst hiss edə bilərəm? Düşünürəm ki, bu özünü varlı bir insan kimi gözə soxmaqdan başqa bir şey deyil. Mənim var-dövlətim mənimdir. Onun kimə nə aidiyyatı var. Tutalım taxdım, gördülər. Sonra? Mən demirəm ki, qızılı sevmirəm, hər bir xanım kimi mən də sevirəm, amma onun dəlisi deyiləm".

Aparılan sorğulardan belə nəticəyə gəlmək olar ki, hamı qızıl zinətlərini çox sevir. Həm taxmağı, həm yığmağı. Sadəcə, gənc müğənnilər yaşlılardan fərqli olaraq, bu işdə kölgədə qalmağa üstünlük verirlər. Bəlkə də zamanı gələndə onlar da qiymətli zinət əşyalarını həvəslə nümayiş etdirərək, gənclərə onun xanımlara yaraşıq verdiyini deyəcəklər. Bəlkə də yox. Axı bu gün müğənnilərin var-dövlətini nümayiş etdirən başqa amillər var. Qiymətli avtomobillər, mənzillər, baha başa gələn kliplər və daha nələr, nələr. Keçmişdə bütün bunlar yox idi. Xanım sənətçilərimiz nə evlərini, nə bağlarını, nə də avtomobillərini nümayiş etdirə bilmirdilər. Bu o qədər də yaxşı qarşılanmırdı. İndiyə qədər heç kim Şövkət Ələkbərovanın, Sara Qədimovanın, Tükəzban İsmayılovanın, Şəfiqə Məmmədovanın mənzillərinin dəyərindən danışmırdı. Çünki bütün bunlar ekrana çıxmırdı. Pərdə arxasında qalmalı olan çox şeylər bu gün göz önündədir. Qızıl onların yanında qiymətini itirib. Qızıldan qiymətli zaman idisə. İndi günü-gündən qiyməti qalxan qızıl sənətçilər üçün önəmsizdir. Ən azı onun nümayişi.

Xəbər lenti

Xəbər lenti