...

Milli estradada yadlaşma sindromu yaşanır – xalq artisti Yalçın Rzazadə

Cəmiyyət Materials 2 İyul 2008 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul /TrendLife müx. Günel Əhmədova/

Köhnə mahnılarını yenidən gözdən keçirib onları təzələməyi düşünən xalq artisti Yalçın Rzazadə bu addımı estrada mühitində yaranan boşluğu doldurmaq üçün atdığını söylədi. Son illər yaranan mahnıların əksəriyyətini ruhuna yaxın hiss etməyən Yalçın müəllimin qənaətinə

görə, onlarda yad ladlar eşidilir. Milli esdrada sənətində yadlaşma sindromunun yarandığından narahatlıq keçirən sənətkar gənclərə bu barədə bir qədər düşünməyi tövsiyə etdi:

"Səhnə onların ixtiyarındadır. Ekranda, ictimaiyyət arasında daha çox görünən gənclərdirlər. Amma onları müşahidə edərkən bəzilərinin danışıqları, sənət yenilikləri məni məyus edir. Çoxlu qüsurlar aşkar edirəm. Amma onlar bunu görmürlər və ya görmək istəmirlər. Mənim sənət təcrübəm uzun illəri əhatə etməsinə baxmayaraq bir mahnını bəzən bir-iki aya hazırlayıram. Amma gənclər nə üçünsə tələsirlər. İki günə mahnı yazdırıb efirə buraxırlar. Lakin tənqidləri qəbul etmək istəmirlər. Belə hallar onları uçuruma aparır. Təvazökarlıq olmasın, gəlin keçmişə nəzər yetirək. Mənim repertuarımda olan mahnıların tarixi 70-80-ci illərə gedib çıxır. Hələ də həmin mahnılar sevilir və dinlənilir. Hətta müğənnilərin repertuarını bəzəyir. Amma indiki mahnıların ömrü ancaq 2-3 ayı əhatə edir. Heç biri tarixə düşmür. Çünki gənclər tarixi nəzərə almırlar. Ancaq bu gün üçün çalışırlar".

Xatırladaq ki, əməkdar artist Brilliant Dadaşova Yalçın Rzazadənin "Gecə yaman uzundur" mahnısına bu günlərdə yeni nəfəs verib. Müğənninin ifasına münasibətini bildirən müğənni bunları dedi:

"Mahnını ya mənim kimi, ya da məndən yaxşı oxumaq lazımdır. Əks təqdirdə mahnıya olan sevgi azalacaq. Bu səbəbdən Brilliant xanım bu addımın qiymətləndirmək olar".

Xəbər lenti

Xəbər lenti