...

Müğənni Fədayəni avtoritetlər dəstəklədi (fotosesiyya)

Cəmiyyət Materials 1 Avqust 2008 22:45 (UTC +04:00)
Müğənni Fədayəni  avtoritetlər dəstəklədi (fotosesiyya)

Azərbaycan, Bakı,1avqust /müx.TrendLife Şahin Cavadsoy/ Çoxdan bəri gündənmədən uzaq düşən müğənni Fədayə (o, əvvəllər Laçın təxəllüsü ilə tanınırdı-red.) "mən unudulmamışam" söyləyib, yeni klipini media mənsublarına təqdim etdi. Təqdimetmə mərasimində incəsənət xadimi, kaman ifaçısı Ağacəbrayıl Abbasəliyev müğənninin ünvanına xoş sözlər deyərək ona dəstək verdi. "Fədayə çox xoşbəxt müğənnidir ki, onun sevincinə başda xalq artisti-kaman ustadı Habil Əliyev, xalq artsti Canəli Əkbərov, peşəkar bəstəkar Cavanşir Quliyev, mən və eləcə də digər tanınmış sənət avtoritetləri qatılıblar. Bəli, biz sözün həqiqi mənasında avtoritetlərik", - deyə o vurğuladı.

Xəbəriniz olsun ki, klip təqdimatından çox dəyirmi masanı xatırladan görüş sənətkarların sərt ittihamları ilə yadda qaldı. İndiki müğənniləri tənqid atəşinə tutan musiqi biliciləri, media mənsublarını sənətə aiddiyatı olmayan müğənnilər haqqında yazı yazmamağa səslədilər.

Tədbirə bir az gecikməsinə baxmayaraq, bəstəkar-müğənni Elza Seyidcahan da sərt mövqedən çıxış etdi: "Heç kimi maraqlandırmır biz hansı markalı avtomobildə gəzirik və ya neçə min dollarlıq villada yaşayırıq. Qoy qələm sahibləri tamaşaçıya sənətdən ətraflı məlumat çatdırsınlar. Unutmayın ki, media cəmiyyətdə dördüncü hakimiyyət hesab olunur. Və sizin yazdıqlarınız cəmiyyətdə yalnız doğru rəy formalaşdırmalıdır".

Jurnalistlər də susmadı. Müdafiəyə qalxan qələm əhli, gunahı özlərində yox, pullarını səs imkanları olmayan bir neçə xanım sənətçinin ulduz olması yolunda saman çöpü tək havaya uçuran bəzi sponsorlarda axtardılar.

Hay-küydən sanki şok keçirən Fədayə qonaqlarını necə sakitləşdirməyin yollarını axtarsa da istəyi alınmadı. TrendLife-a danışan müğənni məhz onun tədbirində bu cür porlemikanın aparılmasından çox narahatlıq keçirməsinə belə aydınlıq gətirdi : "Gözləməzdim ki, mənim təqdimatım bu qədər hay-küyə səbəb olacaq. Düzdür sənətkarlarımız özləri də dedilər ki, söylədikləri sözlərinin heç biri mənim ünvanıma səslənmir. Amma istəməzdim ki, həmkarlarımla aramda hansısa insident yaşansın. Axı necə də olmasa tədbirin əsas qəhrəmanı mənəm. Yenə də kimliyimizdən asılı olmayaraq sənətkar sözünə hörmət etməliyik. Əminəm ki, jurnalistlər də haqlı tənqindən nəticə çıxaracaqlar".

Bacısı İlahə Fəda tərəfindən maliyyələşdirilən "Sevməyəcəyəm" adlı klip, rejissor Mahir Hüseynbəyli tərəfindən ekranlaşdırılıb. Sözləri meyxanaçı Oqtay Kamilə, musiqisi bəstəkar-müğənni Tunar Rəhmanoğluna məxsus olan bəstə xarabalıqların birində lentin yaddaşına köçürülüb.

Xəbər lenti

Xəbər lenti