...

Azərbaycanda referendumu izləyən jurnalistlər problemlə üzləşərlərsə, məsələ yerindəcə həll ediləcək - Mətbuat Şurasının sədri

Cəmiyyət Materials 13 Mart 2009 11:34 (UTC +04:00)
Azərbaycanda referendumu izləyən jurnalistlər problemlə üzləşərlərsə, məsələ yerindəcə həll ediləcək - Mətbuat Şurasının sədri

Azərbaycan, Bаkı, 13 mart  / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın Mətbuat Şurası referendum üzrə səsvermə günü jurnalistlərin səsvermə prosesini izləmələri üçün yaradılan şəraitlə bağlı monitorinq aparacaq.

"Bu məqsədlə yaradılan monitorinq qrupu Bakıda və ölkənin müxtəlif bölgələrində müşahidə təşkil edəcək. Səsvermə prosesini izləyən jurnalistlər hər hansı problemlə üzləşərlərsə, biz müvafiq orqanlara müraciət edərək problemi yerindəcə həll edəcəyik", - cümə günü Trend -a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Тrend Nеws-un arayışı: Azərbaycanda referendumla bağlı təsis edilən təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start veriblər.

Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.

Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Cümhuriyyəti" və "Milli İstiqlal" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

Amaşovun sözlərinə görə, martın 18-də Şurada "Qaynar xətt" də fəaliyyət göstərəcək. "Səsvermə prosesini izləyən hər hansı jurnalist problemlə üzləşərsə, "Qaynar xətt"ə də müraciət edə bilər", - Şura sədri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti