...

BMT Baş katibinin nümayəndəsi Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərə diqqətini müsbət dəyərləndirib

Cəmiyyət Materials 22 May 2010 14:26 (UTC +04:00)
BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi hesab edir ki, Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərə diqqətini müsbət dəyərləndirib.
BMT Baş katibinin nümayəndəsi Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərə diqqətini müsbət dəyərləndirib

Azərbaycan, Bakı, 22 may /Trend, A.Hüseynbala/

BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərə diqqətini müsbət dəyərləndirib.

"Azərbaycan dövlətinin və hökumətinin Ermənistanın təcavüzü nəticəsində doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş insanlara göstərdiyi diqqət və qayğı olduqca təqdirəlayiqdir. Mənim Azərbaycana ilk səfərimdən üç il keçib. Azərbaycan hökuməti ötən illərdə çox önəmli addımlar atıb, çadır-şəhərciklərində məskunlaşmış məcburi köçkünləri isti, rahat evlərlə təmin edib. Biz bunu çox yüksək qiymətləndiririk", -Trend-in məlumatına görə, bunu şənbə günü BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ilə görüşündə bildirib.

Görüşdə Aslanova deyib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı tədbirlərini davam etdirir. "Lakin Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, məcburi köçkünlərin problemlərini tam, kökündən həll etmək mümkün deyil. Ona görə bütün beynəlxalq təşkilatlar, o cümlədən, BMT problemin həlli ilə bağlı səylərini artırmalı, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasına nail olunmalıdır", - millət vəkili əlavə edib.

Komitə sədri Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı BMT nümayəndəsinin 2007-ci ildə irəli sürdüyü tövsiyləri nəzərə aldığını da diqqətə çatdırıb.

Kalinin də fikrincə, həqiqətən də problemin kökündən həlli üçün münaqişə həll olunmalıdır.

"Azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmaq istəyi nəzərə alınmalıdır. Münaqişə tezliklə öz ədalətli həllini tapmalıdır. Biz problemin sülh yolu ilə həllinə tərəfdarıq və ümid edirik ki, tezliklə münaqişə həll olunacaq", - BMT nümayəndəsi vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti