...

Serbiyada 31 mart soyqırımının ildönümü qeyd olunub

Cəmiyyət Materials 31 Mart 2011 14:32 (UTC +04:00)
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycanın Serbiyadakı səfirliyində anım mərasimi keçirilib.
Serbiyada 31 mart soyqırımının ildönümü qeyd olunub

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir T.Hacıyev/

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycanın Serbiyadakı səfirliyində anım mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbirdə səfirliyin əməkdaşları, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan iqtisadi ticarət palatasının üzvləri, Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və orada təhsil alan azərbaycanlı tələbələr, Serbiya ictimaiyyəti, KİV və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak ediblər.

Tədbir zamanı azərbaycanlıların soyqırımının tarixindən danışılıb, ermənilər tərəfindən xüsusilə, 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazax bölgələrində azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərdən, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ rayonlarında minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsindən, on minlərlə insanın evlərindən didərgin düşməsindən bəhs edilib.

Mərasim iştirakçıları erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırım siyasətinin bu gün də davam etdiyini qeyd edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni millətçiləri tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə xüsusi seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı faciəsi, Azərbaycanın digər rayonlarının işğalı və onların ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımın mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğunu vurğulayıblar.

Daha sonra 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərmanın böyük tarixi əhəmiyyət daşıdığı qeyd edilib, onun xalqımızın milli şüurunda və özünüdərketməsində mühüm rol oynadığı qeyd olunub və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirlik tərəfindən hazırlanmış press-reliz Serbiyanın dövlət və hökumət orqanlarına, parlament üzvlərinə, qeyri-hökumət təşkilatlarına, Serbiyada fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilib.

Daşnak erməni silahlı dəstələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçiriblər. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Xəbər lenti

Xəbər lenti