...

Türkiyənin Ali Hərbi Məktəbinə azərbaycanlı gənclərin qəbulu üçün müsabiqə elan edilib

Cəmiyyət Materials 18 İyul 2011 13:42 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə azərbaycanlı gənclərin qəbulu üçün müsabiqə elan edilib.
Türkiyənin Ali Hərbi Məktəbinə azərbaycanlı gənclərin qəbulu üçün müsabiqə elan edilib

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İsabalayeva/

Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə azərbaycanlı gənclərin qəbulu üçün müsabiqə elan edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu müsabiqədə iştirak etmək istəyən şəxslər iyulun 19-dan etibarən TQDK-nın internet saytında (www.tqdk.gov.az) müvafiq səhifəyə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Müsabiqənin birinci mərhələsində TQDK tərəfindən cari ildə Azərbaycan bölməsi üzrə I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 400 və daha yüksək bal toplamış Azərbaycan vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilərlər.

II mərhələdə qəbul elanında qeyd olunmuş boy, çəki normalarına və digər şərtlərə uyğun gələn namizədlər arasında seçim aparılacaq.
Müsabiqənin yekunlarına əsasən, 5 nəfər Ali Hərbi Məktəbə təhsil almağa göndəriləcək. Kursantlar təhsili bitirdikdən sonra əlavə olaraq həmin ölkədə 1 il təkmilləşdirmə kursuna cəlb olunacaqlar.

Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcəklər.

Bu təhsil müəssisəsinə qəbul olmayanlar Azərbaycanın mülki ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinin əsası (Kara Harp Okulu) 1834-cü ildə İstanbul şəhərində qoyulub. 1936-cı ilin sentyabr ayından tədris müəssisəsi paytaxt Ankaraya köçürülüb. Hazırda tədris müəssisəsində kursantlara əyani təhsil forması üzrə 4 il müddətində təhsil verilir. Tədris yalnız türk dilində aparılır.

Xəbər lenti

Xəbər lenti