...

Azərbaycanlı avarçəkən DÇ-də ötənilki dünya çempionunu qabaqlayaraq yarımfinala çıxıb

Cəmiyyət Materials 22 İyul 2011 13:21 (UTC +04:00)
Azərbaycanlı avarçəkən dünya çempionunu qabaqlayaraq yarımfinala çıxıb. Bu barədə cümə günü Trend-ə Azərbaycan Milli Avarçəkmə Federasiyasından məlumat verilib.
Azərbaycanlı avarçəkən DÇ-də ötənilki dünya çempionunu qabaqlayaraq yarımfinala çıxıb

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Azərbaycanlı avarçəkən dünya çempionunu qabaqlayaraq yarımfinala çıxıb. Bu barədə cümə günü Trend-ə Azərbaycan Milli Avarçəkmə Federasiyasından məlumat verilib.

Məlumatda qeyd olunub ki, Hollandiyanın paytaxtı Amsterdamda keçirilən 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Azərbaycan milli komandasının üzvləri ilkin mərhələdə uğurla çıxış ediblər. Təmsilçilərimizdən qadınların yarışında 1 nəfərlik qayıqla (BW1X) mübarizə aparan İskra Angelova və kişilər arasında 1 nəfərlik qayıqla (BM1X) qüvvəsini sınayan ötənilki dünya çempionatının gümüş mükafatçısı Aleksandr Aleksandrov seçmə mərhələni birinci pillədə başa vurublar. Kamal Məmmədov 1 nəfərlik yüngül çəkili qayıqla (BLM1X) yürüşdə ikinci, Aleksandr Qlotov - Fuad Mirzəyev dueti isə 2 nəfərlik sükansız qayıqla (BM2-) yürüşdə 3-cü yeri tutublar.

Angelova seçmə mərhələdə Litva, Ukrayna, İrlandiya, Hollandiya və Danimarka avarçəkənlərini geridə qoyub. Onun üstələdiyi rəqiblərdən biri ötənilki dünya çempionu Donata Vistartayte (Litva) olub. 2000 metr məsafəni 8 dəqiqə 8,90 saniyəyə qət edən Angelova elə Vistartayte ilə birgə birbaşa yarımfinal mərhələsinə yüksəlib. Bu isə o deməkdir ki, qadın avarçəkənimiz dünya çempionatında ilk 12 pillədəki yerini təmin edib.

Aleksandrovun rəqibləri Macarıstan, İsrail və İsveç avarçəkənləri olub. Finişə 7 dəqiqə 34,90 saniyəyə çatan 21 yaşlı avarçəkənimiz ¼ finala yüksəlib.

Məmmədov yalnız Yunanıstan təmsilçisi Panagiotis Maqdanisdən geri qalaraq, seçmə mərhələni 7 dəqiqə 49,23 saniyə nəticə ilə ikinci pillədə tamamlayıb. O, İtaliya və Filippin avarçəkənlərini üstələyib. Avarçəkənimiz ¼ finala vəsiqə qazanıb.

Qlotov - Mirzəyev dueti isə finişə 7 dəqiqə 14,01 saniyəlik göstərici ilə 3-cü çatıb. İlk pilləni tutan polşalı duet birbaşa yarımfinala yüksəlib. Azərbaycanlı cütlük isə ABŞ, Xorvatiya, Rusiya və Litva təmsilçiləri ilə birgə təsəlliverici yürüşə qatılacaq.

İyulun 22-də 4 avarçəkənimiz start xəttinə çıxacaq. Əvvəlcə Bakı vaxtı ilə saat 13:18-də Kamal Məmmədov ¼ final yürüşünə qatılacaq. Onun rəqibləri Hakbeom Li (Cənubi Koreya), Kilian Mentsl (Avstriya), Sid Budina (Əlcəzair), Vedran Radoniç (Xorvatiya) və Yerom Völke (İsveçrə) olacaq. İlk 3 pillənin sahibləri medallar uğrunda mübarizəni davam etdirməyə imkan verən əsas yarımfinal yürüşlərinə vəsiqə qazanacaqlar. Sonrakı yerləri tutanlar isə 13-26-cı yerlər uğrunda yarışacaqlar.

Saat 13:42-də Aleksandr Qlotov - Fuad Mirzəyev dueti təsəlliverici yürüşdə mübarizə aparacaq. Onların rəqibləri Remo Lanzoni - İvan Karino (Argentina), Anton Braun - Bastian Bexler (Almaniya), Arnold Sanqlepp - Ronald Vaeli (Estoniya) və Yohen Alixnoviç - İqor Paşeviç (Belarus) cütlükləri olacaq. İlk 2 yerin sahibləri əsas yarımfinal mərhələsinə çıxacaq, sonrakı yerləri tutanlar 13-21-ci yerlər uğrunda yarışacaqlar.

Xəbər lenti

Xəbər lenti