...

Azərbaycanın turizm potensialı Birləşmiş Ərəb Əmirliklərində təbliğ olunacaq

Cəmiyyət Materials 30 Sentyabr 2011 17:01 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Azərbaycan" Cəmiyyəti Azərbaycanın turizm potensialının Dubayda təbliğ olunmasına dair razılıq əldə edib.
Azərbaycanın turizm potensialı Birləşmiş Ərəb Əmirliklərində təbliğ olunacaq

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir T.Hacıyev/

Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Azərbaycan" Cəmiyyəti Azərbaycanın turizm potensialının Dubayda təbliğ olunmasına dair razılıq əldə edib. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verililib.

BƏƏ-də fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov dünya turizm günü münasibətilə Dubayın Turizm və Ticarət Marketinqi Nazirliyinin rəhbərliyinin dəvəti ilə sentyabrın 29-da nazirin təftiş və turist lisenziyalarının verilməsi məsələləri və hotellərə nəzarət işləri üzrə müavinləri Nəbi Abdullah Əhməd və Bədr Abdullah Məhəmmədlə görüşüb.

Görüş zamanı Samir İmanov bu günlərdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün dövlət səviyyəsində və dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız tərəfindən qeyd olunması və onun tarixinə dair ətraflı məlumat verib. 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan olunduğunu qeyd edən İmanov hökumətin turizmin inkişaf etdirilməsini prioritet sahələrdən biri kimi müəyyən etdiyini qeyd edib. O, 2011-ci ilin sonunadək Azərbaycana gələcək turistlərin sayının 2 milyon nəfəri keçəcəyi barədə gözləntilərin olduğunu vurğulayıb. Azərbaycanın bölgələrində tikilən yeni turist-istirahət mərkəzləri və Qusarda inşa olunan dağ-xizək istirahət kompleksinə dair geniş məlumat verən Samir İmanov görüş zamanı Azərbaycanın turizm sahəsində artan imkanlarının Dubayda və digər əmirliklərdə təbliğ olunması məsələsini razılaşdırıb. Daha sonra "Azərbaycan" Cəmiyyətinin sədri Dubayın Turizm və Ticarət Marketinqi Nazirliyinin rəhbərliyinə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan Azərbaycanın turizm potensialını nümayiş etdirən çoxlu sayda broşür, bülleten, eyni zamanda, Arif Mustafayevin Azərbaycanın qədim və zəngin mədəniyyəti və incəsənətini əks etdirən "Azərbaycanın maddi və mədəni irsi" kitabını, Azərbaycan rəssamlarının əsərlərindən ibarət toplunu, "Azərbaycan xalçaları" kitabını, "Muğamın dirçəlişi" toplusunu, ümummilli lider Heydər Əliyev haqqında ingilis və ərəb dillərində yazılmış kitabları, Qarabağ mövzusu ilə bağlı "Erməni terroru" və Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Qarabağ həqiqətləri" kitablarını, "Barış göyərçini Ermənistana nə zaman qonacaq" kitabçasını təqdim edib.

Dubayın Turizm və Ticarət Marketinqi Nazirliyinin rəhbərliyi görüşdən məmnun qaldığını qeyd edib, Azərbaycanın turizm potensialını və imkanlarını yüksək səviyyədə və müxtəlif vasitələrlə Dubayda təbliğ və reklam etməkdə davam edəcəklərini bildiriblər. Onlar təqdim olunan kitab və faydalı əyani vəsaitlərə görə "Azərbaycan" Cəmiyyətinin sədrinə təşəkkürlərini ifadə edib və bu kimi görüşlərin mütəmadi şəkildə keçirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti