...

Azərbaycan yol polisi sürücülərin cərimələrin ödənilməsi ilə bağlı hazırda problem olmadığını bildirib

Cəmiyyət Materials 7 Dekabr 2011 13:48 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarının pozulmasına görə nəzərdə tutulan cərimələrin ödənilməsi ilə bağlı hazırda problem olmadığını bildirib.
Azərbaycan yol polisi sürücülərin cərimələrin ödənilməsi ilə bağlı hazırda problem olmadığını bildirib

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Respublika Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarının pozulmasına görə nəzərdə tutulan cərimələrin ödənilməsi ilə bağlı hazırda problem olmadığını bildirib.

İdarənin şöbə rəisi Kamran Əliyev çərşənbə günü Trend-ə bildirib ki, indiyədək bu sahədə yaranan problemlər iyulun sonu, avqusta ödənilən cərimələrlə bağlı olub.

Onun sözlərinə görə, o vaxt əksər banklar bu sistemə qoşulmamışdı, bəzi bankların ödənişlə bağlı idarəni məlumatlandırmaq vəzifəsindən xəbəri yox idi.

Əliyev bildirib ki, artıq bütün banklar kütləvi ödəmələr sisteminə qoşulub.

"İndi belə problemlər yoxdur. Sentyabrdan bu gunə qədər cərimələrin ödənilməsi ilə bağlı problemlərlə rastlaşmamışıq", - şöbə rəisi deyib.

İdarənin cərimələrin ödənilməsi ilə bağlı problemlərlə əlaqədar müraciətindən sonra qurumun elektron poçtuna vətəndaşlardan 300-ə yaxın müraciət daxil olduğunu deyən Əliyev həmin müraciətlərin araşdırıldığını bildirib.

Belə ki, problemlə üzləşən vətəndaş cəriməni hansı bankda ödədiyi barədə idarəyə məlumat verir və idarə tərəfindən həmin məlumatın yoxlanılması üçün banka sorğu göndərilir.

"Cərimənin ödənilməsi barədə qəbz idarəyə təqdim edildikdə isə, problem daha operativ həll olunur", - o deyib.

İyulun 1-dən qüvvəyə minən "Yol hərəkəti haqqında qanun"a edilən əlavə və dəyişikliklərdə (qanunun 85-1-ci maddəsinin 9-cu bəndi) qeyd olunur ki, inzibati xəta törətmiş şəxs müvafiq məbləği banka ödədikdə, bu barədə ona bank tərəfindən qəbz verilir.

Ödənişi qəbul edən bank cərimə bildirişinin nömrəsi əsasında müvafiq ödənişin edildiyi barədə 1 iş günü ərzində yol polisinə məlumat verir.

Yol polisinin məlumatlandırılması vəzifəsi inzibati xəta törətmiş sürücünün üzərinə düşmür.

Qeyd edək ki, inzibati xəta törətmiş şəxslərin cəriməni hər hansı banka ödəmək istəyərkən bankın məlumat sistemində inzibati xəta haqqında heç bir informasiyanın olmadığı və ya barəsində tərtib edilmiş inzibati protokol üzrə cərimə məbləğini ödədikləri təqdirdə, DYP-nin mərkəzi məlumat sistemində həmin cərimə məbləğinin ödənilməmiş kimi göstərildiyi hallara rast gəlinir.

İdarə bu halla rastlaşan sürücülərdən xahiş edir ki, həmin halların operativ araşdırılması üçün Baş İdarədə 342 00 08, 342 22 52 saylı telefonlarla əlaqə saxlasınlar və ya cərimə məbləğinin ödənilməsi barədə qəbzin surətini idarənin [email protected] elektron poçtuna, yaxud 498 02 17 nömrəli faksa göndərsinlər.

Xəbər lenti

Xəbər lenti