...

Azərbaycanda 3 təhsil müəssisəsi akkreditasiyadan keçirilib

Cəmiyyət Materials 27 Mart 2012 12:51 (UTC +04:00)
Təhsil Nazirliyində Akkreditasiya komissiyası bir ali məktəb və iki kollecin akkreditasiyadan keçirib.
Azərbaycanda 3 təhsil müəssisəsi akkreditasiyadan keçirilib

Azərbaycan, Bakı, 27 mart / Trend müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyində Akkreditasiya komissiyası bir ali məktəb və iki kollecin akkreditasiyadan keçirib. Təhsil Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, komissiya Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Gəncə Humanitar Kolleci, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecini akkreditasiyadan keçirib.

Akkreditasiya komissiyası hər üç təhsil müəssisəsinin müəyyənləşdirilmiş meyarlar üzrə tələblərə cavab verdiyi nəzərə alınaraq, onların fəaliyyəti "kafi" qiymətləndirilib və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.

Qeyd edək ki, təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinə və ya ayrı-ayrı proqramlar üzrə kadr hazırlığına növbəti tədris ili üçün qəbul planlaşdırılmır.

Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilini davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti