...

Nuşirəvan Məhərrəmli: Əcnəbi teleserialların göstərilməsi yerli teleserialların çəkilişi ilə bağlı müəyyən problemlər yaradacaq

Cəmiyyət Materials 7 İyun 2012 12:01 (UTC +04:00)
Azərbaycan telekanallarının heç birinə əcnəbi teleserialların yayımlanmasına icazə verilməməlidir.
Nuşirəvan Məhərrəmli: Əcnəbi teleserialların göstərilməsi yerli teleserialların çəkilişi ilə bağlı müəyyən problemlər yaradacaq

Azərbaycan, Bakı, 7 iyun /Trend müxbir E.Mehdiyev/

Azərbaycan telekanallarının heç birinə əcnəbi teleserialların yayımlanmasına icazə verilməməlidir. Bunu cümə axşamı Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin İTV-də əcnəbi seriallar, bədii, sənədli və cizgi filmlərin subtitrlərlə verilməsi təklifinə münasibət bildirərkən Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

"Biz əcnəbi serialların dayandırılması ilə bağlı qərar vermişik və əgər seriallar təzədən bərpa olunacaqsa, bu, hər halda müsbət hal deyil. Mən düşünürəm ki, ümumiyyətlə, telekanlların heç birinə əcnəbi teleserialların yayımlanmasına icazə verilməməlidir. Yəni bəddi filmlər, sənədli filmlər, cizgi filmləri ola bilsin ki, qalsın, ancaq seriallar sözü çıxarılsın", - Məhərrəmli deyib.

Onun sözlərinə görə, MTRŞ-nin əsas narahatçılığı ondan ibarətdir ki, əcnəbi teleserialların göstərilməsi yerli teleserialların çəkilişi ilə bağlı müəyyən problemlər yaradacaq.

"Biz bədii filmlərin, cizgi filminin, sənədli filmin subtitrlə verilməsinin əleyhinə deyilik. Ancaq yalnız serialdan söhbət gedir ki, əcnəbi serialların yayımı birmənalı şəkildə dayandırılsın", - MTRŞ sədri deyib.

Məhərrəmli digər kanallarda da filmlərin subtitrlərlə verilməsini arzu etmədiyini deyib.

"Çünki subtitrlə veriləndə həmin fikir rusca və ya türkcə səslənirsə, insanlar subtitrlərə fikir verməyəcəklər. Belə olan halda bizim qərarın nə əhəmiyyəti var?", - Məhərrəmli vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda "İctimai televiziya və radio yayımı haqqında" qanuna təklif olunan dəyişikliyə görə, İTV-də əcnəbi film və seriallar subtitrlərlə veriləcək. Milli Məclisin Mədəniyyət komitəsinin təklif ediyi dəyişikliyə əsasən, dünya ölkələrinin ən yaxşı seriallarının, bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində subtitrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır.

Xəbər lenti

Xəbər lenti