...

Bəhram Xəlilov: Azərbaycanda dövlət qulluğuna qəbulda neqativ halların qarşısı alınıb

Cəmiyyət Materials 22 İyun 2012 09:00 (UTC +04:00)
Azərbaycanda dövlət qulluğuna qəbulda neqativ halların qarşısı alınıb. Bunu Trend-ə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov 23 İyun - Dövlət qulluqçularının peşə bayramı öncəsi açıqlamasında deyib.
Bəhram Xəlilov: Azərbaycanda dövlət qulluğuna qəbulda neqativ halların qarşısı alınıb

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dövlət qulluğuna qəbulda neqativ halların qarşısı alınıb. Bunu Trend-ə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov 23 İyun - Dövlət qulluqçularının peşə bayramı öncəsi açıqlamasında deyib.

Xəlilov bildirib ki, 2007-ci ildən başlayaraq vətəndaşların dövlət qulluğuna qəbulu ilə bağlı on iki müsabiqə keçirilib.

Bu müsabiqələrə 5800 vakant vəzifə təqdim edilib. Qeydiyyata alınan namizədlərin sayı 28059 nəfər olub. Test imtahanı mərhələsində iştirak edən 24017 namizəddən 7325 nəfəri test qalibi olaraq müsahibədə iştirak etmək hüququ əldə edib. Müsahibədə iştirak etmiş 5073 namizəddən 2107 nəfəri müsahibədən uğurla keçib.

Müsahibə qaliblərindən 1717 nəfəri vakant dövlət qulluğu vəzifəsinə təyin olunub, 390 nəfəri isə ehtiyat kadr siyahısına daxil edilib.

Bundan başqa, 719 dövlət qulluqçusu olmuş və ya dövlət qulluğunda çalışan vətəndaşımız Komissiyanın keçirdiyi müsahibələr nəticəsində ya yenidən dövlət qulluğuna qəbul olunub, ya da vəzifədə yüksəlib. Beləliklə, Komissiyanın indiyədək keçirdiyi müsabiqə və müsahibələr nəticəsində 2436 nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin olunub.

Xəlilov dövlət qulluğuna qəbulda gənclərin fəallığının çox yüksək olduğunu deyib. Bildirib ki, qeydiyyatdan keçmiş namizədlərin 78,46, test qalibi olmuş namizədlərin 84,01, müsahibə mərhələsində uğur əldə edən namizədlərin 80,87, vəzifəyə təyin olunanların isə 80,90 faizini gənc namizədlər təşkil edib.

Komissiya sədri qeyd edib ki, "Dövlət qulluğu haqqında" qanuna edilmiş son dəyişikliklərə görə dövlət orqanlarının kateqoriyalarında və inzibati vəzifələrin təsnifatında dəyişiklik edilib. Dəyişikliyə əsasən, dövlət orqanlarının kateqoriyaları Ali kateqoriya və 1-5-ci kateqoriyalar üzrə təsnifatlaşdırılır, inzibati vəzifələr isə Ali təsnifat və 1-7-ci təsnifatlara bölünür. Dəyişikliklərə kimi dövlət orqanları 7 kateqoriyaya, inzibati vəzifələr isə 9 təsnifata ayrılmışdı. Bu və digər yeniliklər dövlətin idarə edilməsi sistemində əhəmiyyətli dəyişikliklər edib.

Xəlilovun sözlərinə görə, fəaliyyəti dövründə Komissiya "Dövlət qulluğu haqqında" qanunun tətbiqi zamanı meydana çıxan problemləri təhlil edərək, qanunvericiliyə zəruri dəyişikliklər edilməsi üçün müvafiq normativ-hüquqi aktların layihələrini hazırlayaraq təqdim edib.

O bildirib ki, birinci problem bəzi orqanlar tərəfindən vakant dövlət qulluğu vəzifələrinin müsabiqə və ya müsahibəyə təqdim edilməməsi ilə bağlı idi.

"2011-ci ilin fevral ayından bu problem aradan qalxıb. Belə ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, dövlət orqanları inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməli və bu barədə Komissiyaya məlumat verməlidirlər", - o deyib.

İkinci problem dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilmiş müsabiqələrdən uğurla keçən şəxslərin bəzi hallarda əsassız olaraq vakant vəzifəyə təyin edilməməsi ilə bağlı idi.

Xəlilov deyib ki, bu problem 2009-cu ilin oktyabr ayında qanunvericiliyə edilən dəyişiklikərlə aradan qaldırılıb. Belə ki, qanun müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərdən birinin seçilərək mütləq qaydada vəzifəyə təyin edilməsini nəzərdə tutur.

Ali təhsil müəssisələrini yeni bitirmiş məzunların dövlət qulluğuna gəlməsi ilə bağlı problemə toxunan Xəlilov deyib ki, bəzi dövlət orqanları tərəfindən müsabiqəyə təqdim edilmiş bütün vəzifələrə, yerli bölmələrində olan vəzifələr də daxil olmaqla, staj tələbi qoyulurdu.

"Bu problem də 2009-cu ilin sentyabr ayından öz həllini tapıb. Ali təhsil müəssisələrini yeni bitirmiş gənclərin dövlət qulluğuna cəlb edilməsi, habelə vakant dövlət qulluğu vəzifələrinin tutulması zamanı vəzifənin təsnifatının və funksiyalarının nəzərə alınması, həmçinin dövlət orqanından asılı olmayaraq bu vəzifələrə iddia edən şəxslər üçün ümumi tələblərin müəyyən edilməsi məqsədilə müvafiq tədbirlər görülüb", - Xəlilov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Ümumi Şərtlərə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatında olan "aparıcı məsləhətçi" və "məsləhətçi" vəzifələrinə, habelə aşağı təsnifat vəzifələrinə (rəhbər vəzifələr istisna olmaqla), apellyasiya və birinci instansiya məhkəmələri üzrə müsabiqəyə çıxarılan bütün vakant dövlət qulluğu vəzifələrinə staj tələbi qoyula bilməz.

"Digər bir problem ehtiyat kadrların təyinatı ilə bağlı idi. Belə ki, bəzi dövlət orqanları vakant vəzifə yarandıqda ehtiyat kadrlar siyahısında olan şəxsləri həmin vakant vəzifəyə təyin etməyə həvəs göstərmirdilər. İndi isə vəziyyət dəyişib. Belə ki, "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul qaydaları"na edilmiş dəyişikliyə əsasən, vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində tək Komissiyada deyil, həm də dövlət orqanında ehtiyat kadr kimi saxlanılacaq. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifələr olduqda, namizədlər onların razılığı ilə analoji vəzifələrə təyin edilməli və təyin olunduğu gündən 5 iş günü müddətində Komissiyaya bu barədə məlumat verilməlidir", - Komissiya sədri vurğulayıb.

Dövlət qulluqçuları haqqında məlumatları əhatə edən vahid informasiya sisteminin yaradılması ilə bağlı məsələyə toxunan Xəlilov bildirib ki, bu sahədə görülən işlərin genişləndirilməsi, beynəlxalq standartlara uyğun idarə olunması və səmərəli istifadə edilməsi məqsədilə 2006-cı ildə Azərbaycan Prezidenti tərəfindən "Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi barədə fərman imzalanıb və reyestrin aparılması Komissiyaya həvalə edilib.

Fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə proqram təminatı hazırlanıb.

"Hazırda reyestrin məlumat bazasında mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə məhkəmə hakimiyyəti orqanları üzrə 20500-dən çox dövlət qulluqçusu barədə məlumat toplanıb. Bu məlumatlar hər ayın 1-dən gec olmayaraq yenilənir. Dövlət reyestri hər bir dövlət qulluqçusu barədə bizə tam və dolğun məlumat verir. Dövlət reyestrinin ən önəmli xüsusiyyətlərindən biri də onun dövlət qulluğunda çalışan kadr resursunun idarə edilməsində oynadığı roldur. Belə ki, reyestr dövlət qulluğunda kadrların hərəkətinin idarə olunması ilə yanaşı, dövlət qulluqçusunun qulluqda yüksəlişinin də şəffaflıq və ədalətlilik prinsiplərinə uyğun həyata keçirilməsini təmin edir", - Komissiya sədri deyib.

Qeyd edək ki, 2006-cı ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 23 iyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə bayramı Günü elan edilib.

Xəbər lenti

Xəbər lenti