...

Təhsil Nazirliyində layihə

Cəmiyyət Materials 29 Oktyabr 2012 13:44 (UTC +04:00)
Təhsil Nazirliyində layihə
Təhsil Nazirliyində layihə

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Təhsil Nazirliyində 2006-2015-ci illəri əhatə edən "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı"nin icrası ilə əlaqədar "Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması" layihəsinin həyata keçirilməsinə dair tədbir olub.

Trend-in məlumatına görə, Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib ki, Nazirlər Kabinetinin 2010-cu il mayın 4-də verdiyi sərəncamla təsdiqlənmiş "Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması" layihəsinin məqsədi Azərbaycanda alternativ qayğı növü olan himayədar ailə sisteminin və ailə tipli kiçik qrup evi modelinin yaradılmasıdır.

Layihə Avropa İttifaqı, Avstriya İnkişaf Agentliyi və "Hilfsverk Avstriya" beynəlxalq təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində valideyn himayəsindən məhrum olmuş və daim müəssisələrdə yaşayan 10 uşaq üçün ailə tipli kiçik qrup evi yaradılıb və uşaqların istifadəsinə verilib. Hazırda kiçik qrup evinin saxlanması xərcləri layihəyə ayrılmış vəsait hesabına həyata keçirilir.

Nazir deyib ki, layihə bu ilin sonunda yekunlaşacaq. Layihə yekunlaşdıqdan sonra yeni yaradılan xidmətlər dövlət büdcəsindən ayrılmış vəsait hesabına maliyyələşdiriləcək.

Mərdanovun sözlərinə görə, artıq layihə çərçivəsində müəyyən işlər görülüb, Günərzi Qayğı Mərkəzləri yaradılıb.

Nazir deyib ki, hazırda müzakirə olunan məsələlərdən biri də bu layihə çərçivəsində əldə olunan təcrübənin bütün ölkədə tətbiq edilməsinin mümkünlüyüdür.

Mərdanov bildirib ki, bütün bu məsələlər müzakirə edildikdən sonra layihənin gələn il üçün fəaliyyəti ilə bağlı qərar qəbul olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti