...

Əli Abbasov: Əsas hədəf qarşıdakı 8 ildə İKT sektorunun gəlirlərini 8-9 milyard dollara çatdırmaqdır

Cəmiyyət Materials 16 Yanvar 2013 00:06 (UTC +04:00)
2003-ci ilin fevralında ümummilli liderimiz Heydər Əliyevin xüsusi Fərmanı ilə regionda ilk dəfə olaraq qəbul olunmuş informasiya-kommunikasiya texnologiyasının (İKT) inkişafı üzrə 10 illik Milli Strategiya 2012-ci ildə başa çatıb. Digər tərəfdən Sizin ötən ilin 29 dekabrında imzaladığınız Fərmanla “Azərbaycan 2020 İnkişaf Konsepsiyası”na əsasən bu ildən ölkəmizdə yeni bir inkişaf dövrü başlayır və konsepsiyanın hədəflərinə çatmaq üçün İKT sahəsinin üzərinə yeni və məsuliyyətli vəzifələr qoyulub.
Əli Abbasov: Əsas hədəf  qarşıdakı 8 ildə İKT sektorunun gəlirlərini 8-9 milyard dollara çatdırmaqdır

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir H.Vəliyev/

2003-ci ilin fevralında ümummilli liderimiz Heydər Əliyevin xüsusi Fərmanı ilə regionda ilk dəfə olaraq qəbul olunmuş informasiya-kommunikasiya texnologiyasının (İKT) inkişafı üzrə 10 illik Milli Strategiya 2012-ci ildə başa çatıb. Digər tərəfdən Sizin ötən ilin 29 dekabrında imzaladığınız Fərmanla "Azərbaycan 2020 İnkişaf Konsepsiyası"na əsasən bu ildən ölkəmizdə yeni bir inkişaf dövrü başlayır və konsepsiyanın hədəflərinə çatmaq üçün İKT sahəsinin üzərinə yeni və məsuliyyətli vəzifələr qoyulub. Trend-in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

"20 illik tariximizə nəzər salsaq, sosial-iqtisadi inkişafın mahiyyəti bir kiçik tezislə ifadə oluna bilər. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələn zaman onu çörək növbələri qarşılamışdı, 2013-cü ildə isə ölkəmiz Sizin rəhbərliyinizlə artıq kosmik ölkələr sırasına qoşulub. İKT sektoru 2004-2013-cü illər üzrə hər 3 ildə təxminən 2 dəfə genişlənib və 2012-ci ildə isə sektorun artım tempi təxminən 18% olub. Bu isə ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir" Abbasov deyib.

Nazir deyib ki, MDB ölkələri sırasında ilk dəfə 2008-ci ildə Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılıb və 2010-cu ildə isə tam elektronlaşdırılıb, yəni rəqəmləşdirilib. 2012-ci ildə şəbəkəyə təxminən 20 min nömrə də əlavə olunaraq, "yeni nəsil şəbəkəsi" texnologiyaları tətbiq olunub. Hesabat ilində sektora 400 mln ABŞ dollarından çox investisiya qoyulub.

Abbasov bildirib ki, son 3 ildə Azərbaycan MDB ölkələri arasında və geniş regionda İnternet istifadəçilərinin sıxlığına görə liderdir və 2012-ci ildə bu rəqəm 65%-dən təxminən 70%-ə yaxınlaşıb.

"2012-ci ildə İnternet xidmətlərinin keyfiyyəti yüksəlmiş, 2011-ci illə müqayisədə xaricə çıxış tutumu 2,2 dəfə artmış, qiymətlər isə təxminən 35% azalıb. Bu gün Azərbaycanda 1 mbsan. xidmətin qiyməti orta əmək haqqının təxminən 3%-i qədərdir. Müqayisə üçün qeyd edim ki, inkişaf etməkdə olan ölkələr üçün bu rəqəm orta hesabla 20% ətrafındadır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu Azərbaycanda "evlərə optika" modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli geniş-zolaqlı İnternet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlamışdır və 2013-cü ildə artıq bu layihəyə 103 mln manat vəsait ayrılmışdır. Layihə üç il müddətində həyata keçiriləcək və yüksək rentabellidir, 2014-cü ildən başlayaraq ümumi dəyərin 30-35%-i reinvestisiya hesabına ödəniləcəkdir. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, sürəti 10 mbs. ilə 100 mbs. arasında olan genişzolaqlı İnternetə çıxışı təmin etmək, istifadəçilərin sayını isə təxminən 85%-ə çatdırmaqdır ki, bu da həmin vaxt üçün, yəni 2017-ci ildə inkişaf etmiş ölkələrin səviyyəsinə bərabər olacaqdır" nazir çıxışında deyib.

Abbasovun sözlərinə görə, 2012-ci ildə Azərbaycan 4-cü nəsil mobil rabitə texnologiyasını tətbiq edən Avropanın 9-cu, dünyanın isə 37-ci ölkəsi olmuşdur.

"İndi hər 100 nəfərə təxminən 110 telefon düşür. Mobil telefon sistemi də 2010-cu ildə MDB ölkələri arasında ilk dəfə olaraq ölkə ərazisini 100%-li əhatə etmişdir. İndi mobil abunəçilərin əksəriyyəti, həm də sürətli internet istifadəçiləridir" nazir qeyd edib.

Abbasovun vurğulayıb ki, Cənubi Qafqaz, Orta və Mərkəzi Asiya ölkələri arasında rəqəmli televiziya yayımının ilk dəfə Azərbaycanda tətbiq olunmasına başlanılmış və indi ölkə əhalisinin 90%-nin bu yayım texnologiyasına çıxış imkanı təmin olunmuşdur.

"Azərbaycanda bu gün 25 televiziya kanalı var, onlardan 11-i ümumrespublika, 14-ü isə regional kanaldır və 15 radio proqram mövcuddur. Eyni zamanda 12 kabel televiziyası və 20-dən çox İnternet televiziya studiyaları fəaliyyət göstərir. Milli Teleradio Şurasının razılığı ilə ölkəmizdə mərkəzləşdirilmiş və lisenziyalaşdırılmış 100-dən çox xarici radio-televiziya kanallarının qəbulu, saxlanma və paylanma sistemi yaradılmışdır ki, planımız bu sistemi regional mərkəzə çevirməkdir" Abbasov nitqində söyləyib.

Nazirin məlumatına görə, bir pəncərə prinsipi ilə işləyən vahid elektron hökumət portalı yaradılmış və 2012-ci ilin sentyabrından İnternet vasitəsi ilə əhali və iş adamlarının istifadəsinə verilmişdir. Elektron hökumət portalına 40 hökumət və dövlət qurumları real vaxt rejimində birləşdirilmiş və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 417 xidmətdən 158 sadə xidmət artıq portalda cəmləşdirilmiş və İnternetə birbaşa çıxışı olan əhalinin istifadəsinə verilmişdir. Elektron imza sisteminin kompüter və mobil telefon versiyası işə salınmış və 2012-ci ildə təxminən 5,5 min dövlət məmurları və vətəndaşlar elektron imzadan istifadə etmişlər.

"Dünya Bankı və Azərbaycan Mərkəzi Bankı ilə birlikdə poçt sisteminin müasir kompüter şəbəkəsi qurulmuş, müasir idarəçilik və yeni iş prinsipləri üzrə fəaliyyəti təmin edilmiş və qeyri-ənənəvi xidmətlərin, o cümlədən bank-maliyyə, elektron dövlət xidmətləri, loqistika və digər xidmətlərin verilməsinə başlanmışdır. Lakin qeyd etməliyəm ki, poçt sisteminin rəqabətlilik qabiliyyətinin yüksəldilməsi və rentabelliliyini təmin etmək üçün işlər hələ də davam edir. Bu gün poçt müəyyən həcmdə dövlət büdcəsi və əsasən də telekommunikasiya sektorunda əldə olunan gəlirlərdən subsidiya almaqda davam edir" nazir qeyd edib.

Abbasov bildirib ki, Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı başa çatmış və fevral ayının 1-ci ongünlüyündə orbitə çıxarılması planlaşdırılmışdır. Peyk orta çəkilidir-3,2 ton, ABŞ-ın Orbital şirkəti tərəfindən istehsal olunmuş və Fransanın Arian şirkəti tərəfindən orbitə çıxarılacaqdır. Peyk resurslarının 20%-i ölkəmizin yerli tələbatını ödəmək üçün istifadə olunacaqdır, qalan 80%-i isə dünya bazarlarına ixrac olunacaqdır. Təxminən 40%-nin satışı üçün şərti müqavilələr imzalanmışdır. Peyklərin idarə olunması üçün regional idarəetmə mərkəzinin və ehtiyat idarəetmə mərkəzinin yaradılması başa çatmışdır.

"Mərkəz təkcə Azərbaycanın yox, region üzərindən uçan digər ölkələrə məxsus peyklərin də idarə olunması üçün istifadə olunacaqdır. Yer səthinin müşahidəsi üçün universal qəbuletmə və emaletmə sisteminin quraşdırılmasına başlanılmış və 2013-cü ilin sentyabr ayından real vaxt rejimində əcnəbi peyklərdən yüksək dəqiqlikli təsvirlərin alınması və müxtəlif təyinatlı istifadəsi təmin olunacaqdır. Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılmışdır. Qeyd edim ki, BMT-nin uyğun komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunmuş və ölkəmiz kosmik fəzanın sülh məqsədlərlə istifadəsi üzrə öhdəliklər götürmüşdür. Kosmik texnologiyalar üzrə çox vacib məsələ olan kadr hazırlığına xüsusi diqqət yetirilmişdir. Son üç ildə təxminən 30 nəfər, orta yaşları 25-28 olmaqla, peyklərin idarə olunması üzrə ABŞ, Fransa və Malayziyada uzunmüddətli kurs və təlimlər keçmiş milli mütəxəssislər hazırlanmışlar" Abbasov bildirib.

Nazir bildirib ki, BMT-nin 67-ci Baş Assambleyası (2012, dekabr) Azərbaycanın koordinator olduğu "Avroasiya Transmilli Böyük İnformasiya Magistralı" (TASİM) layihəsinə xüsusi qətnamə ilə 2-ci siyasi dəstəyini vermiş və bu layihə üzrə xüsusi alyansın yaradılmasını tövsiyyə etmişdir.

"Avropa Yaxın Şərq yüksəksürətli İnformasiya Şəbəkəsinin (EPEG) Azərbaycanda əsas və ehtiyat qovşaqlarının quraşdırılması tamamlanmışdır. İnternet şəbəkəsinin regional resurslar və xidmətləri serverlərinin, ünvanların idarə olunması üçün regional sistemin ölkəmizdə qurulması Azərbaycanın region ölkələrinə internet xidmətlərinin ixracını xeyli artırmışdır. 2012-ci ildə ölkəmiz beynəlxalq aləmdə həmçinin genişmiqyaslı kütləvi tədbirlərin keçirilməsi ilə yadda qalmışdır. Bu kütləvi tədbirlər zamanı həmçinin də ölkəmizin telekommunikasiya, İnternet, radio-televiziya şəbəkələri xüsusilə gücləndirilmiş rejimdə işləmişdir. 2012-ci ildə BakuTel beynəlxalq konfrans və sərgi ilə birlikdə BMT və Azərbaycan hökümətinin birgə təşkilatçılığı və şəxsən Cənab Prezident Sizin himayənizlə ilin İnternet üzrə ən böyük tədbiri - İnternet İdarəçilik Forumu Bakıda keçirilmişdir. Forumda 1600-dən çox xarici və 1200 Azərbaycan vətəndaşı iştirak etmişdir. 3800 xarici iştirakçı isə video konfranslar vasitəsi ilə Foruma qoşulmuşlar" nazir qeyd edib.

İKT-nin daha sürətli inkişafı üçün 2012-ci ildə İKT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, İnformasiya Təhlükəsizliyi Mərkəzi və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin yaradılması üzrə Azərbaycan Respublikası Prezidentinin Sərəncam və Fərmanları verilmişdir. İKT məhsul və xidmətlərinin ixrac həcminin artırılması üçün vergi güzəştlərinin tətbiqinə qərar verilmişdir.

"Azərbaycan 2020 inkişaf konsepsiyası"na əsasən hədəfimiz İKT-nin illik artımını təxminən 18-20% ətrafında saxlamaqla, qarşıdakı 8 ildə sektorun gəlirlərini 8-9 mlrd. dollara çatdırmaqdır. Buna əsasən rəqabət mühitinin yaxşılaşdırılması, sektora olunan fiskal və monitar güzəştlər, ixrac potensialının artırılmasına yönəlmiş siyasət, regional İKT resurslarının və yüksək texnoloji məhsul və xidmətlərin yaradılması və güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı hesabına nail olunması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti