...

Ombudsmanın nümayəndələri İsmayıllı hadisələri ilə bağlı həbs edilmiş şəxslərlə görüşüb

Cəmiyyət Materials 14 Fevral 2013 17:27 (UTC +04:00)
Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında (BİT), 6 və 7 saylı cəzaçəkmə müəssisələrində araşdırmalar aparıblar.
Ombudsmanın nümayəndələri İsmayıllı hadisələri ilə bağlı həbs edilmiş şəxslərlə görüşüb

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında (BİT), 6 və 7 saylı cəzaçəkmə müəssisələrində araşdırmalar aparıblar.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, BİT-də saxlanılan bir neçə şəxslə, o cümlədən Tofiq Yaqublu, İlqar Məmmədov, Nigar Yaqublu ilə saxlanıldıqları kameralarda söhbət aparılıb, onların saxlanılma şəraiti araşdırılıb. Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının rəftarından narazılıq etməyiblər.

Eyni zamanda İ.Məmmədovun qeyd etdiyi bəzi məsələlər aydınlaşdırılıb, həmin məsələlər yerində həll olunub.

T.Yaqublu və İ.Məmmədov təqsirləndirildikləri maddələr üzrə özlərini təqsirli bilmədiklərini, hüquqlarını müdafiə edən vəkilləri ilə görüşdə problem olmadığını, qanunvericiliyin tələblərinə uyğun həftədə iki dəfə ailələri ilə telefonla danışıq üçün şərait yaradıldığını qeyd ediblər.

6 və 7 saylı cəzaçəkmə müəssisələrinə başçəkmə zamanı bir neçə məhkum təklikdə, konfidensial qaydada qəbul edilib, müraciətləri dinlənilib, onlara hüquqları izah olunub.

Adıçəkilən müəssisələrin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, Respublika Prokurorluğu və DİN-in yanvarın 29-da yaydığı birgə bəyanatda bildirilmişdi ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu və "Real" Hərəkatının həmsədri İlqar Məmmədov yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər.

Xatırladaq ki, yanvarın 23-də İsmayıllı şəhərində "Çıraq" hotelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən "Çıraq" hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə, daha sonra isə bir neçə kütləvi etiraz aksiyası baş vermişdi.

Qeyd edilən cinayət işi üzrə Yaqublu Tofiq Rəşid oğlu, Məmmədov İlqar Eldar oğlu, həmçinin İsmayıllı rayon sakinləri Abdullayev Mirkazım Mirəzim oğlu və İsmayıllı Elşən Səməd oğlu Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində Nəsimi rayon məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti