...

Bakı Ali Neft Məktəbi ilə “Total E&P Azerbaijan” şirkəti arasında “Əməkdaşlıq Protokolu” imzalanıb (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2013 13:16 (UTC +04:00)
Aprelin 10-da Bakı Ali Neft Məktəbində (BANM)rektor Elmar Qasımov və "Total E&P Azerbaijan" şirkətinin baş meneceri Kristian Cüdiselli arasında birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədi ilə Bakı Ali Neft Məktəbi və "Total E & P Azerbaijan" şirkəti arasında "Əməkdaşlıq Protokolu" imzalanıb.
Bakı Ali Neft Məktəbi  ilə “Total E&P Azerbaijan” şirkəti  arasında “Əməkdaşlıq Protokolu” imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E.İsmayılov/

Aprelin 10-da Bakı Ali Neft Məktəbində (BANM) rektor Elmar Qasımov və "Total E&P Azerbaijan" şirkətinin baş meneceri Kristian Cüdiselli arasında birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədi ilə Bakı Ali Neft Məktəbi və "Total E & P Azerbaijan" şirkəti arasında "Əməkdaşlıq Protokolu" imzalanıb.

Trend-in məlumatına görə, imzalanma mərasimində Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye və digər qonaqlar iştirak ediblər.

Protokolda "Total E & P Azerbaijan" şirkətinin dəstəyi ilə Bakı Ali Neft Məktəbi və Fransanın neft-qaz və kimya yönümlü ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, Fransada doktorantura təhsilinin təşkili, tələbələrin bir qisminin "Total" şirkətinin baş ofisində təcrübə keçmələrinin təmin edilməsi , "Professionallar Assosiasiyası"nın üzvlərinin Bakı Ali Neft Məktəbinin tələbələri üçün mühazirələr oxunmasının təmin olunması və Bakı Ali Neft Məktəbinin tələbələrinin Fransanın elm və tədris müəssisələrinin kitabxana-informasiya resurslarından istifadə etmələrinə yardım göstərilməsi məsələlərinə dəstək verilməsi öz əksini tapmışdır.

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq gündən-günə inkişaf edən Azərbaycan regionun aparıcı dövlətinə və dünyanın aparıcı dövlətlərinin müttəfiqinə çevrilmişdir. Bu əməkdaşlıq nəinki enerji sahəsində, demək olar ki, bütün sahələrdə (iqtisadiyyat, hərbi, terrorizmlə mübarizə, humanitar, mədəni və s.) inkişaf etməkdədir. Artıq dünyaya inteqrasiya etmiş Azərbaycan Respublikası üçün beynəlxalq standartlara cavab verən kadrların hazırlanması prioritet məsələyə çevrilib. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində bir çox uğurlu təhsil islahatları həyata keçirilməkdədir.

Məhz Bakı Ali Neft Məktəbinin yaradılması uğurla həyata keçirilən bu islahatlardan biridir. O qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsəd gündən-günə inkişaf edən ölkəmizin və ARDNŞ-nin həyata keçirdiyi beynəlxalq layihələrdə işləyə biləcək ingilis dilli, müasir biliklərə malik kadrların hazırlanmasıdır. O vurğulayıb ki, dünyanın enerji sahəsində tanınmış şirkətləri və təhsil müəssisələri ilə əməkdaşlıq Bakı Ali Neft Məktəbi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan böyük təcrübəyə malik "Total E&P Azerbaijan" şirkəti ilə əməkdaşlıq bizim üçün olduqca vacibdir.

Tədbirdə iştirak edən Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye qeyd edib ki, dinamik inkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali təhsil müəssisəsinin yaradılması və qısa vaxt ərzində yüksək nailiyyətlər əldə olunması təqdirəlayiq haldır. O bildirib ki," Total E&P Azerbaijan" şirkəti ilə Bakı Ali Neft Məktəbi arasında imzalanan bu protokol Fransa Respublikası ilə Azərbaycan Respublikası arasında gündən-günə inkişaf edən münasibətlərin göstəricisidir və səfirlik olaraq bu münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün hər cür dəstəyə hazırdırlar.

"Total E&P Azerbaijan" şirkətinin baş meneceri Kristian Cüdiselli çıxış edərək bildirib ki, "Total E&P Azerbaijan" şirkəti Azərbaycan Respublikasındakı fəaliyyətə başladığı gündən bu günə kimi Azərbaycanda təhsil və kadrların hazırlanması sahəsində bir çox layihələrin həyat keçirilməsinə dəstək verib. Bu layihələrin bir qismi gənc azərbaycanlı tələbələrin təhsilinə həsr olunub. O, "Total E&P Azerbaijan" şirkəti olaraq, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa cəlb olunduqlarından məmnunluq hiss keçirdiyini qeyd edərək bildirib ki, bu əməkdaşlıq çərçivəsində "Total E&P Azerbaijan" şirkəti Azərbaycanın neft və qaz sənayesinin inkişafına öz töhfəsini verəcək və bu sahədə Azərbaycanın insan resurslarını gücləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti